Büdcə müzakirələrində qaraçı uşaqlar PROBLEMİ

  • 07 noy 2018, 10:13

Çoxuşaqlı ailələrə verilən müavinət, qaçqınlar və tələbələrin təhsil haqqı da gündəmdə...

Noyabrın 6-da Milli Məclisin daha 5 komitəsinin birgə iclasında büdcə müzakirələri keçirilib.

İclasa Milli Məclisin Əmək və sosial siyasət komitəsinin rəhbəri Hadi Rəcəbli sədrlik edib. İclasda 5 komitənin üzvləri ilə yanaşı, mədəniyyət naziri Əbülfəs Qarayev, Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov və digər rəsmi şəxslər qatılıb.

Hadi Rəcəbli deyib ki, gələnilki büdcədə sosial məqsədlər üçün 8 milyard manatdan çox vəsait ayrılıb ki, bu da büdcənin 33,4 faizini təşkil edir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən müavinət alan şəxslərin adlı siyahılarının dəqiqləşdirilməsi müavinət almaq hüququ olmayan və təkrarlanan şəxslərin adlarının siyahıdan çıxarılması istiqamətində müəyyən tədbirlərin görülməsi nəticəsində müavinət alan məcburi köçkünlərin sayında dəqiqləşmələr təmin olunub. Bu isə özünü 2019-cu ilin büdcə layihəsində göstərir.

Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çoxuşaqlı ailələrə verilən müavinətin artırılmasını, həmçinin 3 yaşına qədər çoxuşaqlı ailələrə verilən müavinətlərə yenidən baxılmasını təklif edib.

"Gələn ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin həcmi 0.2 faiz təşkil edir və təəssüf ki, biz bu rəqəmdən yuxarı qalxa bilmirik”. Bunu isə Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Deputat vurğulayıb ki, elmi tədqiqatların aparılması üçün vəsait lazımdır: "Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında çalışanların əmək haqqı aşağıdır və onun artırılması lazımdır. Biz 5-6 ildir müzakirə edirik ki, ölkəmizdə kök hüceyrə mərkəzi yaradaq. Bu mərkəzin yaradılmasını 100 minlərlə xəstə gözləyir. Müqayisə üçün deyim ki, İstanbul şəhərində belə mərkəzlərin sayı onlarladır. Amma Azərbaycanda hələ də belə mərkəzin yaradılması mümkün olmayıb”.

Maliyyə naziri Samir Şərifov da bəzi məsələlərdən danışıb. "Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq”-nazir deyib. Bildirib ki, digər məsələ təhsil kreditləri ilə bağlıdır: "Bu, yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması, məncə, böyük bir sualdır”.

Nazir qeyd edib ki, bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər: "Yaxşı buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, kütləvi şəkildə həll edəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, çətin həyat şəraitində yaşayan uşaqların müdafiəsi üzrə operativ xidmətin yaradılması əsas problemlərdən biridir: "Rayon icra hakimiyyətlərində cəmi 2 şəxs bu məsələlərə baxır. Bu ştatların sayı artırılmalıdır. Bundan başqa, çətin vəziyyətdə yaşayan uşaqların sosial müdafiəsi ilə bağlı operativ qiymətləndirmə və yerləşdirmənin həyata keçirilməsi məqsədilə icra hakimiyyətlərində müvafiq komissiyaların sayı da artırılmalıdır”. Zorakılıq hallarının aşkarlanması ilə bağlı "qaynar xətlər”in yaradılması vacibliyini dilə gətirən komitə sədri söyləyib ki, bütün dünyada belə "qaynar xətlər” fəaliyyət göstərir: "Zorakılıqla üzləşən şəxslər üçün sığınacaqlar yaradılmalıdır. Küçə həyatına məruz qalan uşaqların xüsusilə də qaraçı tayfasından olan uşaqların problemləri dünyada və ölkəmizdə həllini gözləyən məsələlərdən biridir”.

E.PAŞASOY,
"Yeni Müsavat”

Oxşar xəbərlər