Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr

  • 18 okt 2018, 08:58

Dövlət müstəqilliyi 27 il öncə necə əldə edilmişdi; SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43-lər

Bu gün Azərbaycanın dövlət müstəqilliyi günüdür. 18 oktyabr 1991-ci ildə Ali Sovetdə  "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar sessiyaya qatılmayıblar. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

18 oktyabra gələn yol elə də asan olmayıb. 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Müstəqilliyimizin yenidən əldə edilməsi üçün mübarizə 1980-ci illərin sonlarında start götürmüşdü. Dağlıq Qarabağda erməni millətçilərinin separat çağırışlarına qarşı başlanan hərəkat tezliklə milli azadlıq hərəkatına çevrilir. 1990-cı il qanlı 20 yanvar hadisəsi isə xalq hərəkatını boğmağa hesablansa da, əks-effekt verir. Azadlıq mübarizəsinin miqyası böyüyür. 1990-cı ilin sentyabrında Azərbaycan Respublikasının xalq deputatı seçkiləri keçirilir. Oktyabrda 25 nəfər deputatdan ibarət "Müstəqil Azərbaycan Deputat Bloku” ("Demblok”) yaradılır. Onların əksəriyyəti Əbülfəz Elçibəyin liderlik etdiyi Azərbaycan Xalq Cəbhəsinin üzvləri idi. "Demblok”un yaranması ilə müstəqillik uğrunda mübarizə parlament daxilinə də keçir. Yeni Ali Sovetin ilk sessiyası 1991-ci il fevralın 5-də keçirilir. Sessiya başlayan kimi "Demblok” üzvləri çıxış edərək Azərbaycanın SSRİ-dən ayrılması və müstəqilliyinin elan edilməsi barədə Ali Sovetin qərar qəbul etməsi tələbini irəli sürürlər. "Demblok”un ilk qələbəsi elə həmin gün baş verir. Belə ki, Ali Sovet Azərbaycanın adından SSR sözünün çıxarılması qərarını verməyə məcbur olur, AXC-nin üçrəngli bayrağı ilk dəfə həmin gün parlamentə gətirilir və Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilir. Bu hadisə bütün SSRİ-də və dünyada ciddi əks-sədaya səbəb olur. 350 deputatı olan Ali Sovetdə 25 deputatın bu cür ciddi qərarların qəbuluna nail olması SSRİ və Azərbaycan rəhbərliyini qəzəbləndirir. "Demblok” üzvlərinə təzyiqlərə start verilir.

Moskva isə SSRİ-nin dağılmasının qarşısını almaq yollarını aramaqdaydı. SSRİ-nin saxlanması üçün referendum keçirilməsi qərarı verilir. Martın 7-də Azərbaycan Ali Sovetində SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi məsələsi müzakirəyə çıxarılır. Məlum olur ki, 350 nəfər deputatdan referendumun keçirilməsinin lehinə 254 nəfər, əleyhinə 43 nəfər (25 demblok üzvündən başqa 18 deputat da əleyhinə səs verib), 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib. Beləliklə, həmin 43-lər SSRİ-nin əleyhinə çıxmaqla və Azərbaycanın müstəqilliyinə səs verməklə Azərbaycan tarixinə "istiqlalçı deputatlar” adı ilə daxil olurlar.

Onlar aşağıdakılar idi: Heydər Əliyev, İxtiyar Şirinov, Firudin Cəlilov, Dilarə Əliyeva, Füzuli Axundov, Aydın Məmmədov, Əyyam Musayev, Vaqif Novruzov, Vahid Əhmədov, Ramiz Fətəliyev, Cümşüd Nuriyev, Məmməd Xələfov, Etibar Məmmədov, Nəriman Həsənzadə, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Mirmahmud Fəttayev, Ədalət Rəhimov, İsgəndər Həmidov, Mətləb Mütəllimov, Tahir Əliyev, Rəhim Qazıyev, Tamerlan Qarayev, Eldar Bağırov, Tofiq Qasımov, Məryəm Həsənova, Arif Hacılı, Tahir Kərimli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Maşallah Abdullayev, Hacıbaba Əzimov, Bayram Bayramov, Hicran Kərimli, İbrahim İbrahimli, Allahverdi Həsənov, Sülhəddin Əkbər, Şahmərdan Cəfərov, Fərəc Quliyev.

Səsvermədə bitərəf qalan 6 nəfər isə bunlardır: Arif Əliyev, Rəsul Quliyev, Fikrət Sadıxov, Kamilə Həsənəliyeva, Mübariz Abbasov, Xudaverdi Hənifəyev.

Bədnam səsvermədən sonra 17 martda SSRİ-nin saxlanması ilə bağlı qondarma referendum keçirilsə də xalq hərəkatının təzyiqi və istiqlalçı deputatların səyi nəticəsində Ali Sovet 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edir.

İstiqlalçı deputat, Müstəqillik haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri professor Hacıbaba Əzimov bildirir ki, adıçəkilən bəyannamə əslində 3-4 cümlədən ibarət olub və deklorativ xarakter daşıyırmış. Sənəddə müstəqilliyə təminat verən heç bir müddəa olmayıb. İstiqlalçı deputatlar sənədi, sadəcə, adına görə qəbul edirlər, lakin yalnız bununla kifayətlənmirlər. Müstəqilliyə təminat verən Konstitusiya Aktı qəbul edilməsi tələbini irəli sürürlər. Oktyabrın əvvəlində Ali Sovetin rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının layihəsini parlamentə təqdim edir. Məlum olur ki, layihədə müstəqilliyi şərtləndirən, müstəqilliyin davamlı olması üçün imkanlar yaradan maddə və müddəalar yoxdur. İstiqlalçı deputatlar layihənin qəbulunun əleyhinə çıxırlar və bildirirlər ki, layihə xalqın başını aldatmaq üçün ortaya atılıb. Ona görə də mükəmməl sənəd hazırlanmalıdır. İstiqlalçı deputatların tələbi ilə Ali Sovet 10 nəfərdən ibarət komissiya seçir. Komissiyanın sədri isə "Demblok” üzvlərindən Hacıbaba Əzimov seçilir. Komissiyanın 32 maddədən ibarət Konstitusiya Aktı layihəsini hazırlaması təxminən 10 gün çəkir və oktyabrın 17 və 18-də Ali Sovetin sessiyasında müzakirə edilir.

Konstitusiya Qanunu olduğuna görə Aktın hər bir maddəsi ayrıca müzakirə edilir və səsverməyə qoyulur.

Bu zaman hakimiyyətin sifarişi ilə "Komblok” üzvləri tərəfindən kvorumu pozmaq cəhdləri edilir. Belə ki, sənədin qəbul olunması üçün deputatların ümumi sayının 3-də 2-sinin sənədin lehinə səs verməsi tələb olunduğundan, "Komblok” yetərsayın alınmamasına nail olmaq istəyirmiş. 92 nəfər, ümumiyyətlə, sessiyaya qatılmayıbmış. Sessiyaya gələn "Komblok” üzvlərinin bir qismi isə səsvermədən yayınıblar. Vəziyyətin arzuolunmaz şəkil aldığını görən İsa Qəmbər çıxış edərək adbaad səsvermə keçirilməsi təklifini irəli sürür. Ali Sovet təklifi qəbul edir. Bundan sonra yetərsayın alınmaması üçün salonu tərk edən, təxribatçılıq eləyən "Komblok” üzvləri məcburiyyət qarşısında qalaraq iclas salonuna qayıdırlar və səs verirlər. Ali Sovetdə son dərəcə gərgin müzakirələr keçirilir. İki gün ərzində 32 maddənin hamısı ayrı-ayrılıqda müzakirə edilib səsvermə ilə qəbul edilir. Oktyabrın 18-də axşamüstü, nəhayət, tarixi an baş verir: Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı bütövlükdə səsə qoyulur. Sessiyada iştirak edən 258 nəfərin hamısı sənədin qəbuluna səs verir. Bununla da Azərbaycan xalqının, xalq hərəkatının, istiqlalçı deputatların mübarizəsi Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi ilə nəticələnir.

Azərbaycanda ilk dəfə bütün siyasi qüvvələr arasında milli birlik məhz həmin gün-oktyabrın 18-də yaranır.

Hadisədən dərhal sonra Azərbaycanın müstəqilliyinin dünya birliyi tərəfindən tanınması prosesi başlanır. İlk olaraq Türkiyə, sonra Pakistan, Rumıniya Azərbaycanın müstəqilliyini tanıdığını elan edir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumu keçirilir və Konstitusiya Aktı referendum yolu ilə xalq tərəfindən təsbit olunur. Hazırkı konstitusiyamızın girişində qeyd edilir ki, bu Konstitusiya Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının prinsipləri əsas tutularaq qəbul olunur.

Artıq 27 ildir Azərbaycan müstəqil dövlətdir. BMT başda olmaqla, dünyanın əksər nüfuzlu beynəlxalq təşkilatlarının üzvüdür. Müstəqillik Azərbaycan dövlətinin və xalqının ən böyük nemətidir. Bu illər ərzində Azərbaycan dünyada hörmət edilən, güclü iqtisadiyyata sahib ölkələrdən birinə çevrilib. Müstəqilliyimiz dövründə itkilərimiz də olub-Qarabağ Ermənistan tərəfindən işğal edilib və bu işğal hələ də davam edir. Lakin artıq güclənmiş Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü gec-tez bərpa edəcəyi şübhəsizdir.

"Yeni Müsavat”

Oxşar xəbərlər