“Tək balam idi...” - Qatar qəzasında ölən Yusifin atası

  • 03 okt 2018, 19:33

İki gün öncə qatarla avqtobusun toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusif Dadaşzadə artıq dəfn olunub.

Demokratik.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Yusifin oxuduğu məktəbə və yaşadığı evinə baş çəkilib. 218 saylı məktəbin foyesində mərhumun xatirəsinə hörmət əlaməti olaraq fotosu qoyulub və şagirdlər bu guşənin önünə qərənfillər qoyurlar. Məktəbdə dərslər əvvəlki kimi davam etsə də, Yusifin sinif yoldaşları və müəllimləri üçün heç nə əvvəlki kimi deyil. Onlar sevimli məktəb yoldaşlarının yoxluğunu hər an hiss etdiklərini deyirlər. 
Parta yoldaşı Elnurun sözlərinə görə, Yusif bütün dərslərinə maraqla yanaşıb, ən çox biologiya və Azərbaycan dili dərslərini yaxşı oxuyub.

13 yaşında qəza qurbanı olan Yusif oktyabrın 1-də vəfat etsə də, bir gün sonra dəfn olunub. Ona görə də onun 3 mərasimi sabah keçiriləcək. Bu gün həyətlərində hüzn məclisi təşkil edilməsə də, ailənin tanımadığı adamlar belə başsağlığı verməyə gəlirlər.


Yusifin atası Tahir Dadaşov fəhləlik etdiyini, 13 illik həsrətdən sonra dünyaya gələn övladını çətinliklə böyütdüyün deyir. Mərhum maddi çətinliklər gördüyü üçün oxumağa çox həvəsli olub və yaxşı işdə işləyərək valideynlərini bu problemlərdən xilas edəcəyini deyirmiş. O, həm yaxşı musiqiçi, həm də idmançı olub. Karate üzrə rayon yarışlarında da yer tutub. Hərtərəfli istedada malik olan 13 yaşlı Yusif şeir yazıb və bununla bağlı müsabiqədə qalib olub. Qısa illər ərzində çoxlu nailiyyətlərə imza atan məktəbli belə demək olarsa, iddiasına qurban gedib...

Təxminən 20 gün öncə Yusifin əmisi xəstəlikdən vəfat edib və ailənin başı yasa qarışdığı üçün o, musiqi məktəbində əlavə hazırlığa gedə bilməyib. Binə Mədəniyyət Mərkəzi sintezator kursunda oxuyan mərhumun adını siyahıdan çıxarmağı təklif edib. Bu isə Yusifə pis təsir edib və anasından təkidlə məhz həmin gün onu məktəbə aparmasını xahiş edib. Yusif bu musiqi diplomunu almağı çox istədiyini deyib. Anası qaynının yası ilə bağlı işləri çox olduğu üçün Yusifi məktəbə aparıb, amma geri özünün tək qayıtmasını istəyib.

Evdən birdəfəlik çıxdığını bilməyən Yusif həmin gün təkidlə getdiyi məktəbdən geri qayıda bilməyib...

Oxşar xəbərlər