Naqif Həmzəyevin metroda çəkilən fotosu - TƏSADÜF YOXSA QURMACA

  • 03 okt 2018, 10:31

Bir neçə gündür ki, Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyevin Bakıda metroda gedərkən çəkilmiş fotosu yayılıb. Fotodan görünür ki, deputat ayaqüstə dayanaraq telefonu ilə məşğul olur.

Sosial şəbəkədə yayılan bu fotoya müxtəlif şərhlər əlavə olunub, millət vəkilinin "sadəliyi" müzakirələrə yol açıb. Lakin, birdən - birə ortaya atılan bu şəkildə təsadüf axtarmaq doğrudan da yersiz və sadəlövhlük olardı.

Şəkilə əlavə olunan çoxsaylı kommentlər, şəkildəki deputatın özünün illərdir fəaliyyəti də bunun adi təsadüf olmadığını göstərir. Seçicilərindən daha çox, illərdir sabiq icra başçısı Elmar Vəliyevin vəkili kimi yaddaş yazmış, illər öncə müstəqillik banisi Rəsulzadəyə sayqısızlığı ilə də gündəm olmuş Naqif Həmzəyev yəqin indi də belə lüzumsuz fotosu ilə varlığını xatırladıb, gündəmə gəlməyi hədəfləyib. Axı, şəklin təsadüfən çəkilmədiyini asanlıqla iddia etmək belə mümkündür.

Deputatın özü Modern.az saytına açıqlamasında deyib ki, güya uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir.

Sitat: "Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu adi haldır. Foto "Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur” - deyə Naqif Həmzəyev bildirib.

"Demokratik.Az"-a Gəncədən verilən məlumatlara görə, deputatın "Gəncədə də işə çox vaxt piyada gedirəm" deməsi ağ yalandır. Baxmayaraq ki, Gəncədə məmurların həqiqətən iş yerlərinə piyada getmələri üçün real imkanlar var, şəhərin en-uzunu çox kiçikdir, qardaşını özünə sürücü edən deputat sadə yalan danışır. O, hər gün işə maşını ilə gəlir, şəhərin iflic vəziyyətdə olan ictimai nəqliyyatına isə nəinki minmir, heç marşrut xətlərindəki biabırçılıqlarla bir dəfə olsun maraqlanmır.

Gəncədə tək gəzərkən, parkda insanlarla əylənib söhbət edərkən də onu heç kim görməyib. Elmar Vəliyevin dönəmində isə, millət vəkili həmişə başçının ətrafında küçələrdə dolaşan bir neçə iri məmurun arasında olub.

Bildirək ki, Milli Məclis oktyabrın 1-dən payız sessiyasına başlayıb. Deputat Naqif Həmzəyevin metrodakı şəkli isə ondan bir gün əvvəl yayılıb. N.Həmzəyevin Bakıda olması da Milli Məclisdə baş tutmuş ilk iclasa getməsi ilə bağlı olub.

Demokratik.Az

Oxşar xəbərlər