Prezidentdən mühüm diqqət! - "Hər doğulan uşaq üçün.."

  • 27 avq 2018, 07:17
Azərbaycanda hər bir yeni doğulan uşaq üçün gələcəkdə iş yeri olmalıdır və kənd təsərrüfatını genişləndirməklə buna nail olacağıq. Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: "Şadam ki, Şamaxı rayonunda üzümçülük geniş vüsət alıb. Gözəl üzüm bağları salınıb, vətəndaşlar işlə təmin olunub. Yəni ölkəmizdə kənd təsərrüfatı ilə bağlı aparılan siyasət, bax, bu yeni salınan üzüm bağlarında özünü göstərir. Bu, məni çox sevindirir. Çünki Şamaxı rayonu ənənəvi üzümçülük diyarıdır. Burada üzümçülüyün çox böyük ənənələri var. Sovet dövründə də ulu öndər Heydər Əliyev dəfələrlə Şamaxı rayonunda olmuşdur, üzümçülüklə bağlı lazımi tapşırıqlar, göstərişlər vermişdir. O vaxt Azərbaycanda iki milyon ton üzüm yığılırdı. Ondan sonra əfsuslar olsun ki, üzüm bağları qırıldı və üzümçülüyü biz, demək olar, itirirdik. İndi isə bərpa edirik. Bu, Şamaxı rayonunda birinci üzüm təsərrüfatı deyil. Keçən il mən Şamaxıda olarkən böyük üzüm bağlarında aparılan işlərlə tanış olmuşam. Bu gün şərab zavodunun fəaliyyətə başlaması, üzüm bağlarının salınması, əlbəttə ki, çox əlamətdar hadisədir". İlham Əliyev bildirib ki, Azərbaycanda üzümçülüyün çox gözəl gələcəyi var: "Şamaxı rayonu Azərbaycanda üzümçülük mərkəzi olmalıdır. Necə ki, ta qədim zamanlardan belə olub, indi biz Şamaxının üzümçülük şöhrətini bərpa edirik. Çox gözəl şərab zavodu istifadəyə verilib. Fransız texnologiyaları ilə işləyən zavoddur. Burada ən müasir avadanlıq quraşdırılıb, burada istehsal olunan ixracyönümlü şərablar Azərbaycanın ixrac potensialını artıracaq. Biz indi müxtəlif ölkələrdə Azərbaycan şərab evlərini yaradırıq. Burada istehsal olunan şərablar ölkəmizə xeyir gətirəcək".
Prezident vurğulayıb ki, üzümçülük əmək tutumlu kənd təsərrüfatı sahəsidir: "Mənə verilən məlumata görə, burada 300 hektarda salınmış üzüm bağlarında 200-ə yaxın insan işlə təmin olunub. Bu kəndin sakinləridir. Bu kənddə işsizliklə də bağlı problemlər aradan götürülüb. Bizim əsas məqsədimiz də odur ki, iş yerləri yaradılsın, insanlara yaxşı maaş verilsin. Hər bir vətəndaş halal zəhməti ilə öz həyatını qursun, ailəsini saxlasın və firavan yaşasın. Üzümçülük çox gəlirli sahədir və mənə verilən məlumata görə, burada işləyənlərin əməkhaqları da kifayət qədər yaxşı səviyyədədir. Bu təsərrüfat genişləndikcə daha çox işçi qüvvəsi lazım olacaq, daha çox əməkhaqqı veriləcək. Beləliklə, Şamaxı nəinki Azərbaycanın, regionun önəmli üzümçülük mərkəzlərinin birinə çevriləcəkdir.
Demokratik.Az
Oxşar xəbərlər