Abşeronda oğurluq: Zərərçəkmiş narkomanlardan şübhələnir - ŞİKAYƏT

  • 14 avq 2018, 19:02
Demokratik.Az-a Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Şahverdiyeva Xanım Canəli qızı tərəfindən məktub daxil olub. Şikayətçi oğlunun evinin qarət olunduğunu, lakin işə aidiyyatı poli idarəsi tərəfindən düzgün baxılmadığını iddia edərək yazır:
"Ailəmizin bir hissəsi kiçik oğlum Əlifağa ilə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayırıq. Onun evi bizim evdən bir az aralıda yerləşir. Bu il avqustun 7-də, axşam saat 9-10 radələrində mənzilinə oğrular daxil olmuş və 10-11 min manat dəyərində olan qızıl-zinət əşyalarını götürüb aparmışlar.
Oğrular pəncərədən dəmir reşotkanın bir barmağını sındırmaqla evə daxil olmuşlar. Oğruların 28 sm eni olan dəmir reşotkadan evə girmələri deməyə əsas verir ki, onların ikisi də arıq bədənli olmuşlar.
Oğlum Əlifağa həmin gün ailəsilə saat 10-11 radələrində toydan qayıtdıqda evdə baş vermiş oğurluqla bağlı DİN-nin 102 xidmətinə zəng vurmağa çalışsa da, telefon daima məşğul olub. Naəlac qalıb Abşeron RPİ-nin sahə müvəkkili Vüqara zəng edib, hadisəni danışmışdır. Həmin gecə, saat 11-12 arası Vüqar, cinayət axtarışları idarəsinin rəisi Əli müəllim və müstəntiq hadisə yerinə baxış keçirmiş, barmaq izlərini götürmüşlər. Səhərisi gün oğlum polisdə ətraflı izahat yazmışdır. İzahatında əsas şübhəli şəxs kimi qonşuluqda yaşayan və narkotikdən əziyyət çəkən Ramin adlı şəxsi qeyd etmişdir.
Belə ki, axşam toya ailəvi getməyə hazırlaşan oğlum yolda dayanan avtomobilin yanından evə doğru uşaqlara bərkdən səslənərək həyat yoldaşını tələsdirmişdir ki, bundan da yaxın qonşular bilmişlər ki, ailə evdə olmayacaqdır. Hadisə də oğlum evi axşam saat 19:10-da tərk etdikdən sonra oğruların rahat şəkildə, saat 21 radələrində tələsmədən evdə birbaşa şkafın siyirmələrinə əl gəzdirməklə qızıl-zinət aşkar edib aparmışlar. Deməli, onlar sanki əvvəlcədən qızılların harda yerləşməsini təxmin etmişlər. Ona görə də evi alt-üst etməmişlər.
Oğurluqda şübhəli bilinən Raminin arvadı da hərdən bir qonşu kimi oğlumun evinə gəlib-getmişdir. Və evin bütün koordinatlarını yaxşı bilirdi.
Abşeron RPİ-də araşdırma zamanı Ramin ifadə vermişdir ki, "oğru mən deyiləm, lakin evi qarət edən Ramiz adlı başqasıdır”( o da Ramin kimi narkotikdən əziyyət çəkir). Oğlum Əlifağa həmin Ramizin şəklini qonşu qadına göstərdikdə qadın hadisədən bir gün əvvəl, yəni avqustun 6-da Ramizin əlində ağ kağıza bükülü, 60-70 sm uzunluğu olan bir əşya ilə Ramingilin həyətinə daxil olduğunu və əşyanı ora qoyduğunu görmüşdür. Deməli, hər iki oğru əvvəlcədən bilirlərmiş ki, oğlum 7-də toya gedəcək və 1 gün əvvəl hazırlıq üçün dəmir aləti gətirib gizlətmişlər.
Bütün bunlara baxmayaraq, iş icraatına verilmiş Abşeron RPİ-nin polisi Vüqar müəllim nədənsə oğruları tapmaqda maraqlı deyil. Və şübhəli şəxslərlə bağlı hər hansı istintaq hərəkəti aparmaq fikrində də deyil. Bir sözlə, boyun qaçırır ki, mən oğurluqda şübhəli bilnən şəxsləri nə həbs edə, nə də bir tədbir görə bilərəm.
Oxşar hadisə 1 ay əvvəl də A.güzdək qəsəbəsində Həsənov Telman adlı şəxsin evində baş vermişdir. Yenə də oğru tapılmır.
Cənab Prezident!
Bilirəm ki, Siz məsələyə şəxsən müdaxilə etməsəniz Abşeron RPİ-də bu üzdə olan cinayət işi açılan deyil. Sizdən xahiş edirəm ki, qəsəbəmizdə silsilə oğurluq cinayəti törətmiş şəxslərin tezliklə tapılması üçün daha savadlı, peşəkar və təcrübəli polislərə həvalə edilməsi üçün lazımi göstəriş verəsiniz”.

Redaksiyadan: Ümid edirik ki, məsələyə tam aydınlıq gətiriləcək

Demokratik.Az 

Oxşar xəbərlər