Əhmədzadənin ƏRKÖYÜNÜ prokurora küfr edir - "başçının başına kül" deyir - Göygöldə
"Göygöl prokurorunun 2 ildir ki, vaxtı bitib, arxasında Rövşən Rzayev durur deyə, yerindən tərpənmir. Əlindən lap bezmişik. Bir ölüm olub, illərdir məndən əl çəkmir. Məni Banklarda borca salıb, altından da çıxa bilmirəm! İcra başçısının da kül başına ki, Raufa gücü yetmir, deyir gəl görüşək, durub prokurorun ayağına qaçır..."
"Demokratik.Az"-ın məlumatına görə, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmov bu cür xoşagəlməz və ittiham dolu fikirlərlə dost-tanışları arasında təbliğat aparır. Beləcə, idarənin cinayətkar rəisi rayon prokuroru Rauf Məmmədəliyevə qarşı açıq meydan oxuyur, icra başçısını isə "dişsizlikdə" qınayır...
Saytımıza verilən məlumata görə, İlqar Məhərrəmovun şəxsən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə tərəfindən müdafiə olunması idarədə anarxiya və özbaşınalığa, müdirin belə qudurğan hərəkətlərinə şərait yaradıb. Artıq illərdir bu idarə zəruri inzibati nəzarət olmadan şəxsi maraqlar çərçivəsində idarə olunur. Amma, onun hər vəchlə, prokurorun və icra başçısının qarasına danışması adi hala çevrilib.
Aldığımız məlumata görə, 2016-cı ilin yanvarında Göygöl rayonunda əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasını təmin etmək məqsədi ilə 4 yeni su nasos stansiyası istifadəyə verilib. Bunlardan birində - Gəncə çayı üzərində yerləşən Topalhəsənli kənd nasos stansiyasında iş təhlükəsizliyi qaydalarına riayyət edilmədiyinə görə ölüm faktı qeydə alınıb. Belə ki, stansiyanın dam örtüyünü inşa edən kənd sakini həftənin bazar günü işləyərkən hündürlükdən yıxılaraq hadisə yerindəcə keçinib. Fakt üzrə cinayət işi açılıb və istintaqın ilk gedişində məlum olub ki, idarə müdirinin sənədləşdirmə maxinasiyaları olaya şərait yaradıb...
İlqar Məhərrəmovun özünün dediyinə görə, rayon prokuroru onun cinayət məsuliyyətini küllü miqdarda rüşvət hesabına heçə endirib. Hazırda banklara 10 minlərlə manat kredit borcu olduğunu deyən məsuliyyətsiz müdir borcunu "bağlamaq" üçün nə istəyirsə, necə istəyirsə elə də edir. Aylıq maaşı ilə kredit ödəmək imkanı olmayan müdir idarənin bütün imkanlarını mənimsəyib, müxtəlif yollarla rüşvət topladığına dair məlumatlar da var...
Bəs, sizcə bir ölüm hadisəsinə şərait yaradan idarə müdirini tam toxunulmaz edən kimdir? Axı, belə sonluğa SSİ-ni vadar edən maxinasiyalar Əhməd Əhmədzadənin nəyinə lazımdır? Və bu hadisəni ört-bas edən bir rayon prokuroruna sağol düşür, yoxsa küfr? Eləcə də İlqar Məhərrəmovun bu situasiyada icra başçısından kömək istəməsi məntiqli idimi? Əhmədzadə niyə bu idarə müdirinin biabırçı əməllərinə "dur" demir?
Sualları cavablandırmağa çalışacağıq.
Demokratik.Az