Bakının illərdir sağalmayan çimərlik “yarası”

  • 01 avq 2018, 10:35

Fazil Mustafa: "Heç bir faydası olmayan, işləməyən bir qanun qəbul etmişik”

Xəzər dənizinin sahil zolağında olan pullu çimərliklərin ən ucuzuna giriş 2 manatdır. Qiymətlər 10, 15, 25 manat arasında dəyişə bilir. Bu, içəridəki şəraitdən, qurulan attraksionlardan və digər bu kimi qurğuların müxtəlifliyindən asılıdır. 2 manatlıq çimərliklər ucuz görünsə də, əslində içəri keçdikdən sonra əlavə ödənişlər etməli oluruq. Belə ki, stol-stul üçün ən azı 15 manat ödəmək lazım gəlir. Əgər çətir altında uzanmaq istəyirsənsə, o zaman 10 manat da ödəməlisən. İçəridə bir boşqab qarpız, pendir və çörək yeyəcəksənsə, əlavə 10-15 manat xərcin çıxacaq.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hər il sərəncam verərək rayon icra hakimiyyətlərinə tapşırır ki, Xəzər sahilində olan çimərliklərdə qayda-qanun yaratsınlar. Həmçinin qeyd olunur ki, Azərbaycan ərazisində sahilyanı zonalara, çimərliklərə giriş pulsuzdur və bu, nəzarət altındadır. Lakin insanların sosial şəbəkələrdə yazdıqları şikayət bunun əksini deyir.

Onu da qeyd edək ki, ölkədə qanunla girişinə qadağa qoyulan çimərliklər də var. Hansı ki, bu çimərliklərdən istifadə etmək həqiqətən də insanların sağlamlığı üçün zərərlidir. Bu ilin iyun ayında məsələ ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsəlam Qənbərov mətbuat konfransında bildirmişdi ki, nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan ərazilərdə müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb: "Xəzər sahil zolağında aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, ”Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağları sahil zolağında olan çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır və normalara uyğundur. Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsində "Sahil” və Səbayel rayonunun "Şıx” çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən də qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil".

Çimərliklərin pullu olması həm də turizm baxımından da əlverişli deyil. Onu da qeyd edək ki, "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının müzakirə edilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdi. Həmin görüşdə nazir bildirmişdi ki, Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılır.

"Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, ölkədə ictimai çimərliklər təşkil olunmalıdır: "Qanunda ictimai çimərliklərin olması nəzərdə tutulub. Ancaq bu, təşkil edilmədi. Çünki qanun qəbul ediləndə onun işləyib-işləməyəcəyi kimsəni maraqlandırmır. Faktiki olaraq buna guya bələdiyyələr nəzarət etməlidir. Bələdiyyələr isə özləri büdcəsiz bir qurumdur. Ona görə də heç bir mənası olmaz. Bu baxımdan da pulsuz çimərlik deyilən bir anlayışı təmin etmək üçün müəyyən qurumların mövcud olması lazımdır. O qurumlar yoxdursa, bunu kim təmin edəcək? Hansı əsaslarla quracaqlar? Ona görə də bu, çox çətin məsələdir. Qanun da qəbul olunanda bilinirdi ki, işləməyəcək. Sadəcə, formal olaraq qəbul etdik ki, guya məsələdə vətəndaşın işini yüngülləşdirmək istəyirik. Buna da nəzarət edən qurum yoxdur. Bələdiyyənin büdcəsi olmalıdır ki, ora vəsait qoysun və müəyyən qədər vətəndaşın marağını təmin edəcək şəkildə onu xidmətə yararlı vəziyyətə gətirsin. Bütün bunlar yoxdursa, heç nə etmək olmaz”.

Fazil Mustafa bildirib ki, məsələ ilə bağlı qanun layihəsi yenidən müzakirə edilə bilər: "Qanunun müzakirə edilməsi mümkündür. Ancaq məsələ burasındadır ki, bu qurumların vətəndaşın işini yüngülləşdirməklə əlaqəsi yoxdur. Heç kim bunu düşünmür. Ona görə də vətəndaş gedib, pulunu verir və çirkli çimərlikdə çimir. Daha zəngin insanlar üçün isə yüksək səviyyədə olan çimərliklər var. Onlar da orada başlarını qatırlar. Bu baxımdan da heç bir faydası olmayan, işləməyən bir qanun qəbul etmişik”./"Yeni Müsavat”/

Oxşar xəbərlər