Gəncənin deputatları Meydanda niyə yox idilər? - Qanı durdurmaq olardımı?

  • 11 iyul 2018, 14:23

 

Bütün Azərbaycana, xüsusən GƏNCƏYƏ səslənirəm!

Dünənki qanlı ixtişaşa görə Gəncədə boğazına "ziyalı qalstuku" taxan, özlərinə Gəncəsevər deyib NADANLIQ edənlərə, xüsusən bu şəhərin deputatlarına SALAM düşmür bugün. Qoy salam, onlara bundan sonra qənim olsun! Bu bir qarğış deyil, olaylara dözməyənin ürək səsidir.

Son günlər virtualda kişilənən belələri özlərini kimlərəsə "ZOR OĞLAN" kimi göstərərək, lazımsız təriflər yazaraq hamının hissləri ilə oynadılar. Heç olmaya icra başçısına sui-qəsddən sonra millət və dövlət yanında mənəvi məsuliyyət daşıyanlar özlərini deyil, bir az da Gəncəni - Gəncədəki sabitliyi düşünməliydilər, düşünmədilər. Deputatın ikisi hədyan yazdısa, digər ikisi tamam gözəgörünməz olub yoxa çıxdı. Bəlkə də gizləndilər..

Axı, Elmar Vəliyevin güllələnməsinin ardından, Gəncəyə lazım olan bunlar deyildi. Uzun illərin Musa Quliyevi də, maşınbaz Xanlar Fətiyevi də bu ağır günlərdə gəncəlilərə qarşı xəyanətə bərabər addım atdılar, Gəncəni tək buraxdılar. Bütün uğurlarını, vəzifələrini Elmar Vəliyevə borclu olan digər iki deputat Naqif Həmzəyevin və Pərvin Kərimzadənin də əsas etməli olduqları "tərifciliyə" peşkəş verildi...

Buradan bambılı deputat Naqif Həmzəyevə və Gəncənin digər millət vəkillərinə, onlara qoşulub mirzəlik edən professorlara, müəllimlərə, ziyalılara səslənirəm. Harada idiniz dünənki HADİSƏDƏ? - Niyə polisin önündə insanları durdurmaq, onları dinləmək üçün yollar aramadınız? Niyə iki yüksək rütbəli polis zabitləri bıçağa qurban gedəndə canilərə "DURUN" demək istəmədiniz?. Buna görə ar olsun sizlərə... Və utanmadan iddia edin ki, bu mümkün deyildi. Nə qorxduğunuzu boynunuza alın, nə də səhvlərinizi...

Hadisənin dəhşətini azaltmaq üçün siz millət vəkilləri və Gəncənin digər harınlamış ziyalıları təriflər yazmaqdansa, - evlərdə, küçələrdə "seçicilərinizlə" görüşüb zəruri maarifləndirmə işi apara bilərdiniz. Gecə də yatmamalı idiniz, yetər ki, növbəti qan olmasın deyə. Bari, nə baş verdiyindən, adamların nə istidiyindən agah olardınız! Bunu niyə etmədiniz, insanlarla görüşməyə sizdə üz qalmayıb deyə? Axı günlərlə vaxtınız vardı. Sizlər Gəncəni, dövlətçiliyi və adını çəkdiyiniz adamı səmimiyyətlə sevsəydiniz, elan olunmuş ixtişaşın belə olmamasını doğrudan da istəsəydiniz dördünüz də bu şəhərin bütün insanları ilə görüşmək, heç olmazsa ixtişaşa gələnlərin sayını lap minimuma endirmək şərəfi qazanardınız. Siz məhz bu şərəfi itirmisiniz...

İndi deyin, Bu neçə gündə sizlər həqiqətən nə etdiniz? Heç nə! Etmədiyinizə görə qəlbinizdə zərrə qədər sızıltı yoxdurmu, deputatlar!?

Bunu da deməliyəm. Gəncənin sərsəm deputatı Naqif Həmzəyev sadəcə həmkarı Fəzail Ağamalının fikirlərinə qarşı çıxıb "uşaqlaşdı". Bəs, buydumu Elmar Vəliyevin və bütün Gəncənin deputatlarından umub gözlədiyi millət vəkilliyi. Uşaqlaşmaqmı lazımıydı bu ağır məqamda?..

Yazıq sizə "səs verənlərə", yazıq Gəncəyə! Ki, sizin kimi yalnız öz dərisini qoruyan, Milli Məclisdə Gəncə deyib oturan deputatları var . Daha bu olanlardan sonra sizin deputat olmağınız özünüzə belə xəcalət gətirir!

Bir daha dünənki olaya üzüntümü ifadə edir, ixtişaşda həyatını itirən polis zabitlərinə allahdan rəhmət, yaxınlarına və ailə üzvlərinə səbr diləyirəm.

Gəncəlilər isə, belə təxribatlara qoşulmamalı, yalnız dövlətçiliyin yanında olmalıdır. Çünki, düşmən daxilimizdə deyil, Dağlıq Qarabağda və daha uzaqlardadır. Burda olanlar isə yadellilərin əlində oynayan OD maşasıdır...

Osman Nərimanoğlu

Demokratik.Az


 

Oxşar xəbərlər