Saxta su biznesi - milyonlar “su kimi” ciblərə axır

  • 11 iyul 2018, 10:18

Bazarlarda satılan zərərli sulara niyə nəzarət yoxdur?; ekspert: "Ən brend suların belə bir hissəsi su xəttindən doldurula bilər”

İsti yay havalarında insanların ən çox istehlak etdikləri məhsullardan biri də sudur. Bu gün Bakı küçələrində gəzən əksər insanların əllərində su görürük. Su həm də günvurmanın qarşısını almaq üçün əhəmiyyətlidir. Lakin insanların ehtiyaclarından istifadə edən işbazlar su bazarından da kənarda qalmayıblar.

Bu gün mağazalarda müxtəlif qiymətə içməli, adi sular satılır. Milyonlar "su kimi” bəzi işbazların cibinə axır.

"Yeni Müsavat”ın əməkdaşı olaraq mağazalarda müşahidə etdik ki, adi suların qiyməti 40 qəpiklə 3-10 manat arasında dəyişir. Qiymət suyun litrindən asılı deyil. Bazarda baha qiymətə satılan sular əsasən xaricdən, şüşə qablarda gətirilən sulardır. Bu suların isə üzərində aksiz marka mövcud deyil.

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qaçaqmalçılıq, vergidən, gömrükdən yayınma məsələsinə toxundu.

Prezident bildirdi ki, qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir: "Bütün dövlət qurumları, eyni zamanda sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir.

Sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər. Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa, dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq".

İkinci bir problemli məsələ isə budur ki, ölkədə əksər sular plastik qablarda satılır. Bu qablar isə insan orqanizmi üçün zərərlidir. İllərdir məsələ ilə bağlı müzakirələr aparılsa da, plastik qabların zərərindən danışılsa da, konkret addımlar atılmır. Araşdırmaçıların fikrincə, plastik qablardakı içkilərdən istifadə edən insanlarda ürək-damar və şəkər xəstəliklərinin riski çoxalır. Bu, plastik qabların tərkibində olan bisfenol-A maddəsi ilə bağlıdır.

ABŞ-ın Milli Toksikoloji proqramının ekspertləri illər öncə keçirdikləri təcrübənin nəticələrini açıqlayarkən, bildirmişlər ki, bisfenol-A (bisphenol 2,2-Di (4-hidroksifenil)propan) sprostat və süd vəzi xərçənginin inkişafına yol açır.

Ekspertlər bildirirlər ki, Azərbaycanda satılan xaricdən gətirilmiş suların qiyməti əslində şişirdilir. Bu qiymətə satılan suların təmiz olduğunu sübut etmək isə olduqca çətindir. Çünki suyun dadı, iyi, rəngi yoxdur.

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov aşağıdakıları söyləyib: "Öncə onu deyim ki, Azərbaycana gətirilən suların heç birində aksiz marka mövcud deyil. Çünki sular aksiz markasına cəlb olunmayan məhsullardır. Yəni dövlətin qanunvericiliyinə görə, Azərbaycanda alkoqollu içkilər və tütün məhsulları aksiz vergisinə cəlb edilib. Suların isə bu vergiyə cəlb edilməməsi əslində normal bir haldır. Əgər adi sular aksiz markasına cəlb olunarsa, həmin suyun qiyməti qalxar.  Buna görə də insanların gündəlik istifadə etdiyi sularda bu cür vergi olmalı deyil. Qaldı ki onun təmiz və ya çirkli olduğunu aid etməyə, bu, çox çətindir.

Su ilahi bir şeydir. Suyun əslinin analizini aparmaq üçün 300-ə qədər parametr yoxlanmalıdır. Bu isə çox çətin məsələdir. İnsanlar mağazadan su alan zaman ən əsas qablaşdırılan suyun etiketinə baxmalıdır. Orada istehsalçının adresi, telefonu barəsində informasiya almaq olar. Su mürəkkəb maddədir və ona görə onu gözlə, hiss etməklə aid etmək olmur. Çünki suyun nə dadı, nə qoxusu, nə də rəngi var. Ona görə də ən brend suyun bir hissəsi adi su xəttindən də yığıla bilər. Yaxud da heç təmizləməyib, üstünə brend ad yazılar. Ona görə də həqiqətən də məsələ olduqca mürəkkəbdir. Plastik qablarda saxlanılan və isti havada çöldə olan suyu almaqdan insanlar imtina etməlidirlər. Artıq bu cür sular yararsızdır. Plastik qabın tərkibində olan kimyəvi maddələr isti havada miqrasiya edir. Bütün bu məsələləri Qida Təhlükəsizliyi Agentliyi həll etməlidir".

"Yeni Müsavat”

Oxşar xəbərlər