Ermənistanda hakimiyyətlə ordu arasında xaos var

  • 10 iyul 2018, 09:23

Ehtiyatda olan polkovnik-leytenant: "Ermənistan ordusu hazırda indiyə kimi olmadığı bir bərbad durumdadır”

"Əslinə qalsa, bu gün Qarabağda müharibəni başlamağa və ortaya konkret nəticə qoymağa Azərbaycanın çox gözəl imkanları və şansları var”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri "Yeni Müsavat”a açıqlamasında bildirdi. Nikol Paşinyan hökumətinin davranışlarını şərh edən hərbi ekspert Azərbaycanın bütün sahələrdə düşməni üstələdiyini vurğuladı: "Bunu bir neçə amillə əlaqələndirmək istərdim. Faktiki olaraq Ermənistan rəhbərliyində demək olar ki, müharibədən dərin anlayışı olmayan, küçə siyasətçisi Nikol Paşinyan və səriştəsiz, təcrübəsiz komandası ilə qısa bir zaman kəsiyində biz Qarabağla bağlı məsələni çox rahatlıqla həll edə bilərik. İkincisi, Rusiya ilə Ermənistanın hazırkı rəhbərliyi arasında üzdə büruzə verməyə çalışmasalar da, daxildə çox böyük inamsızlıq və fikir ayrılığı mövcuddur. Belə olan təqdirdə, əgər Rusiya müdaxilə etməsə, biz tez bir zamanda məsələni həll etmək iqtidarındayıq”. Ü.Cəfərov indiki situasiyada ortalığa iki ölkənin XİN rəhbərlərinin Brüssel görüşünün atılmasını da məqsədli sayır: "Belə görüşlər mənasız və perspektivsizdir.

Biz bir qədər sərt və tələbkar mövqe nümayiş etdirməliyik. Yoxsa, ATƏT-in Minsk Qrupunun tülkülüklə məşğul olan həmsədrləri və onların yanındakılar indi də yeni bir hiyləyə əl atıblar. Hansısa yüksək planlaşdırma qrupundan daha bir fırıldaqçını öz bivec fəaliyyətini pərdələmək üçün qoşublar və guya iş görəcəklər. Kobud ifadəmə görə üzr istəyirəm, başlarına dəysin belə iş prinsipi və fəaliyyəti. Bunlar 20 ildən artıqdır ki, milyonlarla vəsaiti göyə üfürüblər. Odur ki, bu biveclərin nə isə edəcəklərinə mən inanmıram. Vasitəçilərə nəhayət ki, vaxt qoymaq və tələblər irəli sürmək lazımdır. Bunlar özlərinə superkomfort şəraiti və yüksək məvacibli iş yeri aşıb, başlarını girələyirlər. Bunları ağıllandırsa, Azərbaycan Silahlı Qüvvələri ağıllandıracaq”.

Ehtiyatda olan zabit qeyd etdi ki, Ermənistan ordusu hazırda indiyə kimi olmadığı bir bərbad durumdadır: "Məhz ona görə də Paşinyanın özü və başının pozuq dəstəsi iki gündən bir əsgər və zabitlərinə bir balaca dəstək olmaq üçün səngərlərə baş çəkməyə məcburdurlar. Şəxsən mən tez bir zamanda məsələnin həll edilməsi üçün güc amilindən istifadənin tərəfdarıyam. Yoxsa biz sonradan beynəlxalq qüvvələr tərəfindən aldadıldığımızı görəndən sonra özümüzü bağışlaya bilməyəcəyik. Bir qədər sərt diplomatiya və güc amili təcili işə salınmalıdır”.

Politoloq Elçin Mirzəbəyli isə qəzetimizə açıqlamasında N.Paşinyanın bir neçə gün öncə Ermənistan polisini Qarabağda xidmətə göndərməklə bağlı qərarını xatırlatdı: "Ermənistan rəhbərliyi işğal altında olan Azərbaycan ərazilərində keçirilən aksiyalar genişlənəcəyi təqdirdə daxili qoşunların birləşmələrini həmin ərazilərə göndərəcəyini bəyan edib. Bu barədə konkret qərar yoxdur. Amma faktın özü diqqəti cəlb edir. Çox güman ki, daxili qoşunların hərbi birləşmələrinin Dağlıq Qarabağa göndərilməsi üçün orada keçirilən aksiyaların əsas kimi göstərilməsi bəhanədir. Əsil səbəb Ermənistan ordusunda baş verən problemlər, daxili ziddiyyətlərin dərinləşməsi, klanlararası mübarizənin orduya keçməsi və Paşinyanın orduya etibar etməməsidir. Burada əsgər çatışmazlığı və digər bu kimi köməkçi amillər də rol oynaya bilər. Amma başlıca səbəb hakimiyyətlə ordu arasındakı etimadsızlıqdır”.

E.Mirzəbəyli qeyd etdi ki, əslində Ermənistan polisinin Dağlıq Qarabağa göndərilməsi fakt olaraq yeni deyil: "Onsuz da işğal altında olan ərazilərimizdə mövcud olan bütün qanunsuz qurumların üstündə Ermənistandan təyin olunan şəxslər dayanır. Bunun baş nazir səviyyəsində açıq-aşkar dilə gətirilməsi isə təkcə işğal faktını deyil, həmçinin İrəvanın guya müstəqil qurum kimi fəaliyyət göstərdiklərini iddia etdiyi qanunsuz strukturların Ermənistan tərəfindən formalaşdırıldığının və idarə edildiyinin etirafıdır. Ermənistan polisinin ölkənin sərhədlərindən kənara göndərilməsi işğalçı dövlətin qanunvericiliyinə də ziddir. Rəsmi Bakının bu qərara qarşı ata biləcəyi çoxsaylı addımlar var. Şübhəsiz ki, rəsmi dövlət qurumları nə edəcəklərini daha yaxşı bilirlər. Mənim subyektiv fikirlərimə gəldikdə isə ilk növbədə bu fakt ətrafında ciddi beynəlxalq kampaniya aparılmalı və diqqət Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində polis rejimi yaratmaq cəhdinə yönəldilməlidir”.

Oxşar xəbərlər