Ekspertdən “İstək” liseyi haqda: Problem bu idi

  • 07 iyul 2018, 13:21

Məncə, "İstək” liseyinin fəaliyyətinin dayandırılmasının əsas səbəbi maliyyə problemləri ilə əlaqədardır. Çünki bu liseyin yerləşdiyi binaların aylıq icarə haqqı çox yüksəkdir. Liseyin cəlb etdiyi şagirdlərin sayı isə tam şəkildə maliyyə dövriyyəsini təmin etmirdi.

Bu sözləri Axar.Az-a təhsil eksperti Kamran Əsədov "İstək” liseyinin fəaliyyətini dayandırması ilə bağlı danışarkən deyib. O bildirib ki, lisey öz əməkdaşlarına müəssisənin bağlanması ilə bağlı əvvəlcədən məlumat verməli idi:

"Qanunvericiliklə müəyyən edilir ki, müəssisə bağlanma təhlükəsi qarşısında qalanda iki ay əvvəlcədən işçilərə məlumat verməlidir. İndi Təhsil Nazirliyi komissiya yaradıb, bu problemin həlli istiqamətində fəaliyyət göstərir.

Amma "İstək” liseyinin müəllimləri özəl sektorda çalışdığı üçün onların birbaşa işlə təmin olunması nazirlik tərəfindən həyata keçirilməməlidir. Çünki orta məktəblərə müəllimlərin qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hər kəs qeydiyyatdan keçib, müsabiqə və müsahibə mərhələsində iştirak etməklə bu hüququ qazanır. Həqiqətən də "İstək” liseyinin müəllimlərinin bilik və bacarıqları tələb olunan şərtlərə uyğundursa, buyurub imtahandan keçməklə işə qəbul oluna bilərlər”.

Ekspertin sözlərinə görə, lisey yaşadığı maliyyə sıxıntısına görə valideynlərin ödədikləri təhsil haqlarını qaytara bilmir:

"İstək” liseyinin illik təhsil haqqı 7-11 min manat arası dəyişir. Məndə olan məlumata görə, 500-ə qədər valideyn övladını bu liseydə təhsil alması üçün qeydiyyatdan keçirmişdi. Lakin indi o valideynlərin vəsaitlərinin geri qaytarılması istiqamətində heç bir hərəkət yoxdur. Bu da yəqin ki, liseyin maliyyət problemləri ilə əlaqədardır”.

Qeyd edək ki, "İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

Oxşar xəbərlər