Mirdamət Sadıqov "İSTEFA ƏRİZƏSİ" yazıb? - İSMAYILLIDA GÖZLƏNTİ

  • 02 iyul 2018, 13:37
BU BİR MƏCBURİYYƏTMİ, YOXSA VƏZİFƏYƏ HƏRİSLİKMİ?..
İsmayıllıda icra başçısı Mirdamət Sadıqovun "istefa ərizəsi" yazdığına dair məlumatlar yayılıb.
Rayon sakinlərindən "Demokratik.Az" - a verilən məlumata görə, icra başçısı son aylar ərzində səhhətində yaranmış ciddi problemlər üzündən işə davamiyyətini axsadıb. Mirdamət Sadıqovun potensial iş qabiliyyətini itirdiyi və artıq vəzifə daşımaq iqtidarında olmadığı deyilir. Bu səbəbdən də, qocaman məmurun Prezident Administrasiyasına müraciət edərək, vəzifəsindən azad edilməsini xahiş etməsi, rəsmi "istefa ərizəsi" yazdığı da iddia olunur.
Sakinlərin məlumatına görə, çoxları yeni icra başçısının gəlişini arzulayır. Bu həm də bir gözləntidir.
Bəs, sakinlərin dilində dolaşan bu xəbərdə həqiqət payı varmı?
Danışılanlar şaiyyə və dezinformasiyadırmı?
"Demokratik.Az" deyilənləri dəqiqləşdirmək məqsədilə İsmayıllı rayon İHB-yə müraciət edib.
Saytın müraciətinə İsmayıllı RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektoru tərəfindən belə bir cavab verilib:
 "Hörmətli sayt rəhbərliyi!

Sizin müraciətinizə cavab olaraq bildiririk ki, verilən informasiya həqiqətə uyğun deyil. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun səhhətində heç bir problem yoxdur və işinin başındadır. Rayon İcra Hakimiyyətinin fəaliyyətindən rayon sakinləri razıdırlar.

Müraciətiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk."

REDAKSİYADAN: Əlavə məlumat üçün bildirək ki, "Demokratik.Az" saytı Mirdamət Sadıqovun səhhətində həqiqətən ciddi problemlərin olduğunu dəqiqləşdirə bilib. Belə ki, o, bir neçə dəfə ürəyindən ağır əməliyyat olunub və şəkərli diabet xəstəsidir. Bundan başqa, 1950-ci il təvəllüdlü icra başçısının artıq 67 yaşına varması və digər deyilənlər onun təbii ki, qeyri-dinamik, yorğun olduğunu ehtiva edir. Cavab məktubu isə qarşı tərəfin məntiqi ilə başadüşüləndir.
Bildirək ki, 2011-ci il iyulun 6-da "Yerli İcra Hakimiyyətləri başçıları barəsində"  ƏSASNAMƏ qəbul olunub. Həmin əsasnamədə icra başçıları barədə yaş məhdudiyyəti nəzərdə tutulmur. İcra başçılarının təyin və vəzifədən azad olunması isə ölkə prezidentinin müstəsna səlahiyyətindədir.
Görünür, səhhətindəki ciddi problemləri gizlətməyə çalışan Mirdamət Sadıqovun "istefa ərizəsi" yazması barədə səslənənlər də tamamilə yalandır. Çünki, Mirdamət Sadıqovun timsalında, bir sıra yaşlı Azərbaycan məmurlarının vəzifə və kürsü "sevgisi" hətta öz sağlamlıqlarından belə üstün olur.
Sizcə, bu nə məcburiyyət...
"Demokratik.Az"  
Oxşar xəbərlər