Moldova Azərbaycanlıları Konqresi yeni sədr seçildi - FOTO

  • 19 avq 2020, 17:20
Moldova Azərbaycanlıları Konqresi (MAK) üzvlərinin növbədənkənar ümumi iclası keçirilib.

Koronavirus pandemiyası səbəbindən Moldovada 50-dən çox insanın bir yerə toplaşmasına qoyulan qadağaya görə tədbirdə təşkilatın 350 üzvünün etibarnaməsi əsasında 50 Konqres üzvü iştirak edib.
Görüşdə Azərbaycanın Moldovadakı səfirliyinin nümayəndəsi, Moldova Millətlərarası Münasibətlər Bürosunun baş direktorunun müavini Vera Petuxov da fəxri qonaq qismində iştirak edib.
Gündəliyə uyğun olaraq iclasda MAK sədri Heybət Məcidovun hesabatı dinlənilib, MAK Şurasının tərkibi yenilənib, müasir reallıqlara cavab verən yeni nizamnamə təsdiq edilib, Moldovada hörmətli və nüfuzlu azərbaycanlılardan biri olan Elçin Bayramov Moldova Azərbaycanlıları Konqresinin yeni sədri seçilib.
Vera Petuxov çıxışında yeni Şuranın və MAK sədrinin seçilməsi münasibətilə Konqres üzvlərini təbrik edib, həmçinin, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan səfirliyinin nümayəndəsi Şəfa Məmmədli səfir Qüdsi Osmanovun təbrik məktubunu oxuyub.
Moldovada müxtəlif hesablamalara görə üç-beş min azərbaycanlı yaşayır, onların çoxu müxtəlif fəaliyyət növü ilə məşğul olurlar. Moldova Azərbaycanlılar Konqresinin yeni rəhbərliyinin fikrincə, prioritet vəzifələrdən biri gənclərin ölkənin ictimai və siyasi həyatında fəal iştirak etməsinə nail olmaqdır. 
Bununla yanaşı, təşkilatda vurğulanıb ki, MAK üzvləri tarixi vətənləri ilə əlaqələri daha da inkişaf etdirmək, milli adət-ənənələri və mədəni irsi qorumaq niyyətindədirlər.
Oxşar xəbərlər