Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO

  • 17 iyun 2018, 11:35

 

 

Ağcabədi rayonunun icra başçısının xidməti avtomobili ilə bağlı maraqlı məqam ortaya çıxıb. "AzPolitika”ya daxil olan 04-AA-001 dövlət qeydiyyat nişanlı avtomobilin Baş Dövlət Yol Polisi İdarəsinin radarlarındakı görüntüsü, yumşaq desək, təəccüb doğurur.

Təqdim olunan fotodan da göründüyü kimi, bu avtomobil BMV markalıdır və bütün icra hakimiyyəti başçılarının xidməti maşını kimi, AA-001 seriyası daşıyır. Lakin radarlardakı informasiyada avtomobilin markası BMV yox, VAZ-21214 kimi göstərilir. VAZ-21214 isə hamımızın tanıdığı NİVA-dır. Yəni belə çıxır ki, icra başçısının xidməti maşını BMV olduğu halda, BDYP-nin sistemində NİVA kimi qeydiyyatdan keçirilib. Yaxud da, NİVA markalı avtomobilə aid olan dövlət qediyyat nişanı BMV-yə vurulub ki, bu da inandırıcı görünmür. Çünki bütün AA-001 seriyaları yalnız başçıların xidməti avtomobillərinə aiddir, Agcəbədinin icra başçısının istifadəsinə NİVA avtomobilinin verilməsi isə inandırıcı deyil. Üçüncü variant da odur ki, BDYP-nin radar sistemində texniki səhv var. Ancaq bu da mümkünsüz görünür, ən azı ona görə ki, əldə etdiyimiz məlumata görə, artıq uzun müddətdir icra başçısı Şahin Məmmədov məhz bu avtomobildən istifadə edir və bir icra başçısına aid nəqliyyat vasitəsinin yol polisinin qeydiyat sistemində təsadüfən səhv göstərilməsi inandırıcı deyil.

 

 

 

Bəs başçının avtomobilinin radarlarda NİVA kimi qeyd edilməsinin səbəbi nədir?Bildiyiniz kimi, qanunla AA seriyalı avtomobillər polis və xüsusi dövlət mühafizə xidmətinin müşaiyəti istisna olmaqla, digər hallarda hərəkət iştirakçısı qismində hər hansı xüsusi imtiyaza malik olmurlar. Ancaq təəssüf ki, Azərbaycan reallığında yol polisi əksər hallarda bu seriyadan olan nəqliyyat vasitələrinə "xüsusi” münasibət göstərir. Xüsusilə də həmin seriya hansısa rayonun icra başçısına aiddirsə, yol hərəkəti qaydaları onlar üçün qüvvədən düşmüş olur. Ancaq radarlar YPX əməkdaşlarından fərqli olaraq, AA seriyasının imtiyazlı sahiblərinə bu münasibəti göstərə bilmirlər və qayda pozuntusunu dərhal qeydə alırlar ki, bu da "ağ adamlara” problem yaradır.

Bu səbəbdən vəzifə, qohum-əqrəba, əlaqələr və s. kimi anlayışları tanımayan radar adlı "mərdimazar”dan qurtulmağın müxtəlif yolları axtarılır. Böyük ehtimalla, haqqında söhbət açdığımız bu halda da söhbət qayda pozuntularına görə cəzadan yayınmaq məqsədindən gedə bilər. Çünki belədə qayda pozuntusunun texniki cəhətdən qeydə alınmasında və protokol tərtibində problem yaranır, səhvə yol verilmiş olur. Axı reallıqda 04-AA-001 qeydiyyat nişanlı NİVA avtomobili mövcud deyil. Bəs belədə protokol hara, hansı avtomobilə göndərilir?

Əlbəttə ki, bu xətanın məqsədli şəkildə edildiyini sübut edəcək faktlara malik deyilik və bunu birmənalı iddia etməkdən uzağıq. Ancaq xatırladaq ki, mətbuatda polisin Ağcabədinin icra başçısına xüsusi münasibət göstərməsi və hətta Şahin Məmmədovun evinin qarşısında polis postu qoydurduğu barədə də məlumatlar dərc edilib…


Oxşar xəbərlər