“Bu da cəhənnəmə - 15 iyun nə deməkdir?” – Aqil Abbas

  • 14 iyun 2018, 08:10

"Desəm öldürməyəcəklər, deməsəm də biraz pis oluram. Biz vaxtilə mənfur Sovet sistemində oxumuşuq. Həmin sistemdən Xudu Məmmədov, məşhur fizik Arif Babayev kimi alimlərimiz çıxıb. Mən müğənni Arif Babayevi demirəm haa. Həmin sistemdən təhsil alan belə bir nə qədər adam adı çəkərəm”. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında”qanuna dəyişikliyin müzakirəsi zamanl deputat Aqil Abbas deyib.

O bildirib ki, bir neçə il bundan öncə Boloniya sisteminə keçirildi. "Bu təhsil sisteminin o qədər başına oyun açırlar ki, özləri də bilmirlər. Oyun gedir və hələ də gedəcək”.

Aqil Abbasın sözlərinə görə, hazırda parlamentdə onunla yanaşı əyləşən Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Gövhər Baxşəliyeva və digərləri mənfur sovetin təhsil sistemində çıxan alimlərdir: "Onlar Azərbaycan elminə böyük töhfələr verib. Son 26 ildə Bolonya sistemi Əhliman müəllim və ya Abel Məhərrəmov kimi alim yetişdirməyib”.

Aqil Abbas deyib ki, əvvəllər dərslər sentyabrın 1- i başlayıb, mayın axırında bitirdi: "Bu da cəhənnəmə olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdi? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir? İsa müəllim (İsa Həbibbəyli-red) bundan danışın e. Bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kq-dır. Ştanqist yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kq-lıq çanta məsələsinə baxılsın.

Ona görə uşaq məktəbə gedəndə ata-anası onu aparır. Bildiyimiz kimi, yeni təhsil naziri təyin olunub. Təzə nazir də gəlib deyəcək ki, dərslər iyunun 30-na qədər olsun. Xahiş edirəm, bu qaldırdığım məsələlərə baxılsın. Bu məsələlər nazirlərin sözü ilə həll edilməməlidir. Elmlər Akademiyası, universitetlər, elmi təhsil mərkəzləri var və onlar bu məsələ ilə məşğul olmalıdır. Xahiş edirəm ki, tədrisin başlama və başa çatma dövrü, dərs ləvazimatı barədə işlərlə məşğul olunsun”.

Oxşar xəbərlər