Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT

  • 13 iyul 2018, 11:20

Gəncə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyadan yeni biabırçı xəbərlər almışıq.

"Demokratik.Az"-ın məlumatına görə, təhsil ocağının direktoru xanım Şəlalə Arxaft pedoqoji heyətdə yeganə kişi müəllimi ilə şəxsi ədavət aparır. Birincinin şəxsi maraqları gimnaziyanın düzgün idarə olunmasında ciddi maneələr yaradır. Direktorla kişi müəllim arasında bir müddətdir ki, davam edən xoşagəlməz qarşıdurmanın bəzi təfərrüatlarını isə tərəflərdən biri özü danışır.

Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada kimya-biologiya müəllimi işləyən Hüseynov Ayxan Seyfəli oğlunun "Demokratik.Az"-a bildirdiyinə görə, 2016-cı ildə mərkəzləşmiş müsabiqədən keçərək gimnaziyaya biologiya müəllimi göndərilib. 2017-ci ildə isə, vakansiya üzrə qalib olub, eyniadlı təhsil müəssisəsində kimya müəllimi kimi də pedoqoji fəaliyyət göstərməyə başlayıb. 

Şikayətçi müəllim bildirir ki, direktor ilk gündən onun işləməsinə süni problemlər yaradaraq qərəzli münasibətini ortaya qoyub.

Ayxan Hüseynovun dediyinə görə, gimnaziyada pedoqoji heyət arasında yeganə kişi müəllimidir. Və maraqlıdır ki, kollektivdə kişi müəllimin olmasını istəmədiklərini əsas gətirən direktor onu qovmağa can atır. Xanım direktor müəllimin özünə "deportasiya" fikrini belə əsaslandırsa da, şikayətçi problemin Şəlalə Arxaftın özünün də ixtisasca kimya müəllimi olması ilə izah edir. Xanım Şəlalə Arxaft şikayətçinin əlindən kimya fənni üzrə dərs saatlarını almaq istəyir, bu tələbini ona açıq ifadə edir.

"Demokratik.Az"-ın məlumatına görə, Gimnaziyada son illər həqiqətən kişi müəllimi olmayıb. Çünki, dəfələrlə müəllim kimi təhsil müəssisəsinə göndərilənlər Şəlalə Arxaftın xahişləri ilə tezliklə başqa ünvanlara göndərilib.

Ayxan Hüseynovun dediyinə görə, münaqişə o həddə dərinləşib ki, direktor məktəbin müəllimləri və şagirdləri onun üzünə də qoyub. Ki, guya şikayətçi şagirdlərə qarşı aqressiv davranır, məktəbdə normal münasibətləri pozur və sair. Müəllim özü etiraf edir ki, gimnaziyada illərdir davamiyyət çox zəifdir. Uşaqları zorla müəllimlər evlərindən gətirir. Direktor isə dərsə gəlməyən uşaqlara qayıb yazmağa imkan verməməklə məşğul olur. Nəticədə, süni yolla məktəbi saxlayır, uşaqların adına məktəbə ayrılan gündəlik tələbatlar isə talana məruz qalır.

Maraqlıdır, dərslər bir aydan artıqdır bağlansa da, tərəflər arasında münaqişə davam edir. Şikayətçinin müraciəti əsasında Gəncə Baş Polis İdarəsində və Təhsil Nazirində araşdırmalar aparılır. Sonda, Ayxan Hüseynov nazir Cehun Bayramova media vasitəsilə səslənərək xahiş edir ki, gender bərabərliyini pozan və 10 ildir Gimnaziyanı öz istəklərinə uyğun idarə edən Arxaft Şəlalə Yusif qızının haqqında ciddi tədbir görülsün.

Əlavə məlumat üçün bildirək ki, bu gimnaziya 25 ildir ki, bir ailənin nəzarətindədir. Hazırki direktor isə, bu vəzifəni öz həyat yoldaşı, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Hacıyev Bayram İsgəndər oğlundan hədiyyə olaraq alıb. Maraqlıdır, bu gimnaziyanı 25 ildir bir ailəyə kim hədiyyə edib?..

Demokratik.Az

Oxşar xəbərlər