Sosial Müdafiə Fondunda müəmmalı yanğın – Səlim Müslümov izi...

  • 05 iyun 2018, 10:08

Müslümovun DSMF sədri və nazir olduğu illər ərzində 2-2,5 milyard manat vəsaitin yoxa çıxdığı iddialarından sonra baş vermiş yanğın şübhələri daha da artırıb; sabiq nazirlə bağlı daha ilginc xəbərlər də var...      

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ona tabe olan qurumlarda yoxlama apardığı bir vaxtda Dövlət Sosial Müdafiə Fondunda(DSMF) yanğın baş verməsi çox ciddi iddiaların ortaya çıxmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyi DSMF-də baş verən yanğınla bağlı yaydığı rəsmi məlumat isə iddialarda yer alan məlumatların həqiqətlə əlaqəsinin olmasını bir qədər də inandırıcı edib. Yada salaq ki, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Digər otaqlar isə yanğından mühafizə olunub.

Fonddakı sənədlər tezalışan materialdan hazırlanıb?

Hansı sənədlərin yanması, yanğının hansı şöbədə meydana gəlməsi haqda bilgi yoxdur. Yanğının qəsdən və ya təsadüf nəticəsində baş verdiyi də bilinmir. "DSMF-də sənədlər niyə yanıb” sualı açıqdır və iddialar əsasən qəsdən yandırılma versiyasının üzərində cəmləşib. Bu da təsadüfi deyil.

Siyavuş Novruzov da dedi, faktlar ortalıqda...

Son aylarda mətbuatda DSMF-də baş vermiş böyük korrupsiya cinayətləri haqda məlumatlar yayılıb. Kifayət qədər ciddi olan bu iddiaların Hesablama Palatasının müfəttişləri tərəfindən yoxlandığı da bildirilir. Yayılan məlumatlardan birində deyilir ki, Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri ilə əlbir olub və atəşkəsdən 24 il sonra 900 rayon sakininə Qarabağ veteranı statusu verdirib. Bu şəxslərin əksəriyyəti isə Qarabağda müharibə getdiyi illərdə Azərbaycanda olmayıblar, o dövrdə Rusiya bazarlarında alver ediblər. Bu məsələ bir neçə ay əvvəl mətbuatda tirajlanan zaman Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun kəskin reaksiya vermişdi.  YAP icra katibinin müavini demişdi ki, ölkədə 90 min nəfər cibində müharibə veteranı vəsiqəsi gəzdirir: "Azərbaycanda müharibə veteranlarının sayı  90 minə çatıb. 90 min 2 ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

900 nəfər güllə səsi eşitməyən 1 qərarla Qarabağ veteranı statusu necə aldı? 

YAP icra katibinin dediklərində böyük həqiqətlər olduğunu yayılan məlumatlarla da təsdiqləyir.

Təkcə Gədəbəyin sabiq icra başçısının 900 nəfər güllə səsi eşitməyəni 1 qərarla Qarabağda döyüşmüş, canından keçmiş şəxslərin sırasına qoşması ilə bağlı suallar bu gün də aktualdır. Bu gün də bilinmir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub atəşkəsdən 24 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilib? Bu adamlar ötən 23 ildə Qarabağ veteranı statusu verilməsi üçün müvafiq qurumlara müraciət etməyiblərsə, Ramiz Yediyarov onların müharibədə döyüşmələrinə necə şahidlik edə bilib? Ən başlıcası isə 900 nəfərə status verilməsi 500-1000 manat civarında rüşvət hesabına başa gəldiyi haqda məlumatlar da var.

"Müslümovçular”ı işdən qovur, cinayətləri araşdırırlar

Hazırda Hesablama Palatası müfəttişləri Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentində geniş yoxlamalar aparırlar. Müfəttişlərin bu faktı da araşdırdıqları haqda konkret bilgilər yoxdur. Bilinən odur ki, sabiq nazir Səlim Müslümovun xüsusi nəzarətində olan bu departamentdən qeyri-qanuni fəaliyyətə görə xeyli əməkdaş işdən  çıxarılıb. Hesablama Palatası 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və tabe qurumlarında apardığı araşdırmalar zamanı da çox ciddi, bir sıra hallarda cinayətə bərabər faktlar aşkar etmişdi.

181 vəfat etmiş şəxsin hesabına özlərinə həyat qurublar

Məsələn, Hesablama Palatasının 2016-cı ili əhatə edən auditinin nəticəsində üzə çıxmışdı ki, Səlim Müslümovun işçiləri 181 nəfər rəhmətə getmiş pensiyaçının hesabını bağlamayıblar. Yəni rəhmətliklərin adından dövlət büdcəsindən nə az, nə çox 624 min 500 manat alıb ciblərinə qoyublar. Bu hələ harasıdır? Eyni şəxsə Səlim Müslümovun işçilərinin 2 pensiya kartı verdikləri halları da az olmayıb. Eyni adam Pensiya Fondunun, məsələn, Xətai şöbəsindən də,  Səbayel şöbəsindən də pensiya alıb. Audit dövründə 35 belə şəxs üzə çıxarılmışdı. Onlara ikiqat pensiya ödənildiyi təsdiqlənmiş və bu maxinasiyadan dövlət büdcəsinə ümumilikdə 319 min 100 manat məbləğində zərər dəydiyi məlum olmuşdu. 2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1 milyon 920 min 600  manat olub.

Bu da süd məsələsi....

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662 min 700 manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb.  Qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Hesablama Palatasının bu hesabatı o dövrdə də DSMF sistemindəki ciddi maxinasiya mexanizminin olmasını ortaya qoyurdu. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya verilməsi halları fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələri idi.

2 milyard 500 milyon manat büdcə vəsaiti harada "yandı”

Belə iddialar da vardı ki, Səlim Müslümovun nazir, bundan əvvəl isə  DSMF sədri olduğu illər ərzində təkcə bu istiqamət üzrə 2-2,5 milyard manat vəsait yoxa çıxarılıb. Hesablama Palatasının 2016-cı ilə dair hesabatı da fond sistemində oturuşmuş korrupsiya sxemi yaradılmasını ortaya qoyub. Hesablama Palatasının əvvəlki yoxlamaları ilə indiki arasında da çox ciddi keyfiyyət fərqinin olması xəbərləri də var. Bu isə o deməkdir ki, ortaya daha böyük korrupsiya faktları Hesablama Palatasının rəsmi hesabatı şəklində çıxa bilər.

Bu iddialar fonunda Səlim Müslümovun susqunluq nümayiş etdirməsi, haqqında digər ittihamların da tirajlanmasına yol açıb. Modern.az saytı yazır ki, bir müddət əvvəl iddia olunurdu ki, eks-nazir Nazirlər Kabinetində yer almaması xəbərinə çox pis olub və hətta guya infarkt keçirib. Səhhətində yaranan problemlər xəbər gündəmini zəbt etdikdən sonra indi də eks-nazirin xaricə köçəcəyini söyləyənlər var.

E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat”

Oxşar xəbərlər