Rusdilli mətbuat bir-bir bağlanır: "Zerkalo"dan sonra “Exo”...

  • 30 may 2018, 18:35

Xəbər verdiyimiz kimi, "Exo” qəzeti bu ay bağlanır. Qəzet son nömrəsini mayın 26-da dərc etdirəcəyi ilə bağlı mayın 19-da məlumat yaymışdı. Qəzetin direktorunun birinci müavini Ruslan Manafov səbəb olaraq maliyyə problemlərini göstərmişdi. R.Manafovun sözlərinə görə, qəzetin baş redaktoru Rauf Talışinskinin mayın 8-də vəfat etməsindən sonra qəzetin maliyyə problemləri güclənib.

Beləliklə, bu, "Zerkalo”dan sonra ikinci rusdilli qəzetdir ki, bağlanır. Maraqlıdır, ikinci rusdilli qəzetin bağlanmasının əsl səbəbi nədir? Maliyyə problemləri, oxucu qıtlığı və yaxud...

Media eksperti, telejurnalist Qulu Məhərrəmli hesab edir ki, "Exo”nun bağlanması son illərdə Azərbaycan media məkanında yaşanan hərtərəfli və dərin böhranın birbaşa nəticəsidir: "Exo” qəzetinin bağlanacağı xəbəri məni çox məyus etdi. Ciddi rusdilli auditoriyanın rəğbətini qazanmış "Zerkalo”dan sonra bu mətbuat orqanının da nəşrini dayandırması, təbii ki, yaradıcılıq böhranı ilə bağlı deyil. Bu, heç yazılı mətbuatın guya ömrünü başa vurması ilə bağlı əsassız iddialarla da əsaslandırıla bilməz. Təbii ki, kifayət qədər səviyyəli  jurnalistlərin çalışdığı qəzetin peşəkar yaradıcılıq problemi yoxdur”.

Ekspert "Exo”nun bağlanmasının əsas səbəbinin iqtisadi problemlərlə əlaqəli olduğunu düşünür: "Mərhum redaktor Rauf Talışinski həm də yaxşı menecer idi və KİVDF-nin ayırdığı vəsaitdən başqa qəzetə ayrı maliyyə mənbələri də tapa bilirdi. İndi həmin mənbələr olmadığına və ölkədə reklam bazarı qeybə çəkildiyinə görə qəzet sərbəst yaşamaq imkanlarını itirir. Burada mənəvi-əxlaqi səbəblər də ola bilər. Belə görünür ki, həm də kollektiv heç kimin qoltuğu altına girmək, indi üzdə olan bəzi qəzetlərin yolu ilə getmək istəmir. Bütün hallarda "Exo”nun bağlanması ölkənin rusdilli oxucularının, onsuz da sayı çox olmayan auditoriyamızın çox keyfiyyətli bir seqmentinin itirilməsi deməkdir”.

Oxşar xəbərlər