Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı – YENİLƏNİB

  • 24 may 2018, 13:03

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadədən polisə şikayət edən məktəb direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə çağırılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə H.Əlizadə öz "Facebook" səhifəsində paylaşım edib. O bildirib ki, bir neçə saat əvvəl Lənkəran şəhər Polis Şöbəsinə gedib: "Bir xeyli qapıda gözlədikdən sonra nəhayət ki, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəyəm”.


Müəllim operativ şəkildə məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə, bütün sosial şəbəkə istifadəçilərinə, mediaya təşəkkür edib: "Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək. Hər şey üçün minnətdaram. Sizin dəstəyiniz sayəsində təhsildə gözəl və böyük işlər görəcəyik, ümid edirəm. Direktor hazırda Təhsil Nazirliyinə dəvət olunub, araşdırma davam edir”.

 

***

 

10:55

 

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə barədə polisə şikayət edilib.

 

Məsələ ilə bağlı Lent.az-a danışan H. Əlizadə bildirir ki, Lənkəran şəhər Polis Şöbəsindən ona zəng edilib və haqqında məktəb direktoru Ziyafəddin Cavadov tərəfindən təqdimat verilərək şikayət edildiyi bildirilib: "Mən şok oldum. Səbəbini soruşdum, dedilər uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan. Əslində isə vəziyyət belədir ki, şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks halda gəzinti olmayacaqdı. Bu, sadəcə hələ bir ideya idi”.

Müəllim deyir ki, direktor polisə şikayət edib ki, o icazəsiz şəkildə gəzinti təşkil etmək istəyir: "Bu tamamilə iftiradır, çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsinizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar. Özləri isə əsla tarixi ekskursiya təşkil etməyiblər. Məlumat üçün deyim ki, indiyədək gördüyümüz bütün tədbirləri Təhsil Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə etmişik. Fəaliyyətlərimə görə 2 fevral Gənclər günü ilə bağlı cənab nazir Ceyhun Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin qalibi olmuşam”.

"Məlumat üçün deyim ki, məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb”. 

H.Əlizadə məlumat verib ki, bir neçə dəqiqədən sonra Lənkəran Rayon Polis şöbəsində olacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirilib ki, nazirlik bu məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, 26 yaşlı Həbib Əlizadə Lənkəranın dağlıq Gəgiran kənd məktəbində tarix dərsi deyir.

O, Astarada yaşadığı üçün bəzən işə gedərkən 6-7 saat yol getməli olur.

Oxşar xəbərlər