“Alabala”, “paket” maaşlar… Vəzifədən gedən məmurlar necə yadda qaldılar?

  • 26 apr 2018, 22:24

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamdan sonra bir çox məmur vəzifəsiz qaldı.

Sərəncamdan sonra Baş Nazirin müavini Abid Şərifov, Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Kənd Təsərrüfatı Naziri Heydər Əsədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov işsiz qalanlar siyahısına daxil oldu.

Uzun illərdir bu vəzifələri yerinə yetirən nazirlər bəzən açıqlamaları, yaxşı və ya pis qərarları ilə yaddaşlarda qaldılar. Hər kəs yeni nazirlərin kimliyini, bu günə qədər olan fəaliyyəti ilə maraqlansa da, keçmiş nazirlərin bu vəzifəyə gəldikləri zamanlar, islahatları bir çox adama qaranlıq qalıb. Artıq adlarını daha az eşidəcəyimiz keçmiş nazirlər kimlər idi? Minval.info sabiq nazirlərin dosyelərini təqdim edir:

Artıq 23 il idi ki, Baş nazirin müavini kimi çalışan Şərifov Qoca oğlu Abid 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi işləyib. 1995-ci ilə qədər "Azərnəqliyattikinti”də müxtəlif vəzifələr icra edən Şərifov, nəhayət, bu postu tərk edənə qədər Baş Nazirin birinci müavini kimi çalışıb. Evlidir, 2 ovladı var, 2014-cü ildə "Şərəf Ordeni” ilə təltif edilib.

Abid Şərifov tez-tez maraqlı açıqlamaları ilə gündəmə gəlirdi. Binəqədidə yaşayış binasında baş verən yanğından sonra jurnalistin "Tikinti işlərinə hansı şirkət daxil ediləcək?” sualına, "Nə dəxli var sənə? Alabala… Sonra?”- deyə cavab vermişdi. Şərifovun "Alabalası” uzun müddət müzakirələrə səbəb olmuşdu.

Keçmiş Baş nazirin keçmiş müavini bəzən digər məmurların bostanına da daş atmaqdan çəkinmirdi: "Heç kim mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var”. Bu sözlər Abid Şərifovun ən son verdiyi müsahibələrin birində səsləndirdiyi fikirdir.

Vəzifəsindən uzaqlaşan kimi Abid Şərifovun səhhətinin pisləşdiyi və onun xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılmışdı. Sabiq məmur bu xəbərlərə də özünəməxsus tərzdə cavab verib: "Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?”

Vəzifədən gedən digər bir nazir isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovdur.

5 ildir ki, bu vəzifəni icra edən Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub.

1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.

1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var.

Sabiq nazir, əsasən, Azərbaycanda yeni iş yerlərinin açılması haqqında bəyanatları ilə gündəmə gəlirdi. Məsələn, Səlim Müslümov 2016-cı ildə ölkəmizdə yaxın gələcəkdə işsizlik probleminin qalmayacağını demişdi.

Səlim Müslümov hələ 2010-cu ildə – Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən demişdi ki, prezidentin qeyd etdiyi "ikili mühasibatlıq” problemi dövlət idarələrində deyil, özəl sektorda vardır. Bununla da, Müslümov nazirliklərdə, dövlət komitələrində və digər rəsmi qurumlarda "paket” maaşı – yəni "ikili mühasibatlığı” gizlətməyə çalışmışdı: "Hazırda dövlət sektorunda qeyri-leqal əməkhaqqı problemi yoxdur. Lakin özəl müəssisələrdə belə bir problemin olmadığını söyləmək mümkün deyil…”

Lakin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi yüksək vəzifəli əməkdaşları həbs edildikdən sonra, adıçəkilən nazirlik daxilində "paket” maaşların geniş yayıldığı üzə çıxmışdı.

Sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Ailəlidir. Üç övladı var.

Nazirin və övladlarının dəbdəbəli həyat sürməsi tez-tez gündəmə gəlirdi və qudası Ziya Məmmədovun vəzifədən getməsindən sonra isə onun da vəzifədə çox qalmayacağı yəqin edilirdi.

Azərbaycan tarixinin ən mübahisəli şəxsiyyəti sayılan Mircəfər Bağırovun əmisi nəvəsi, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov da məmur kreslosunu itirənlərdəndir.

Aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamda onun adı yer almayıb. Kabinetin yeni tərkibində Hüseyn Bağırovun adı yer almayıb.

Hüseyn Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib. 2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziridir. 2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti seçilib, lakin daha sonra öz yerini Firdovsi Əliyevə verib.

2015-ci il dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilib.

Tutduğu vəzifədən azad edilən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 1963-cü ilin dekabr ayının 23-də Babək rayonunda anadan olub. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-müxanik ixtisasına daxil olub. 1985-ci ildə Nəvahi «AES»-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1985-86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986-1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləmişdir.

1991-97-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilib.

2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərib.

2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Nazim İbrahimovun fəaliyyəti dövründə vəzifə öhdəliklərini layiqincə yerinə yetirmədiyi deyib: "Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib.

Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib.  Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”.

Yeni yaradılacaq kabinetdə özünün yer almayacağını öyrənən Nazim İbrahimovun qızı Kəmalənin toy məclisini də təxirə saldığı ilə bağlı xəbərlər bir neçə gün gündəm olub.

Yerini öz müavini Səfər Mehdiyevə təhvil verən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb 1980-1992illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışıb.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində işləyib.

1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışıb.

6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edib.

23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib. Aydın Əliyev 2015-ci ildə Şirvan şəhərində vətəndaşları qəbul edərkən baş vermiş qalmaqalla xatırlanır. Komitə sədrinin qəbulunda şikayətini dilə gətirən vətəndaş məsələnin həll edilmədiyini gördükdə yenidən generalın görüşünə gəlmişdi. Ancaq vətəndaşın sözlərinə görə, bu dəfə onu dinləməyiblər və o, generalın əmri ilə otaqdan çıxarılıb.

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev 1960-cı ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olub. 1988-ci ildə Rusiyanın İvanovo şəhərində Kimya Texnologiyası İnstitutunu bitirib. Elə həmin ildən etibarən Azərbaycanın Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələr tutub.

2001-ci ildə o, Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini təyin olunub. 2003-cü ildə sərhəd xidmətinin statusu dəyişəndən sonra onun da vəzifəsi dəyişib. F.Nəbiyev Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təchizat məsələləri üzrə müavini – DSX-nin Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi olub

Bundan sonra isə tutduğu vəzifəyə müvafiq ali təhsil almaq qərarına gəlib və 2005-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 2006-cı ildə, yəni cəmi 5 il ərzində isə general-mayor hərbi rütbəsini almağa nail olub. 2012-ci ildə Dövlət Miqrasiya Xidmətində rəis təyin edilib. Firudun Nəbiyevin adı tez-tez öz qohumlarını irəli çəkməsi, onları təltif etməsi ilə hallanırdı.

Oxşar xəbərlər