“GİZLİ İQTİDAR DÜŞMƏNİ” HANSI SƏFİRDİR? –

  • 26 apr 2018, 12:27

Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayevi, gözlənildiyi kimi, Avropada Azərbaycan hakimiyyəti əleyhinə təhqir kampaniyasının təşkilatçılarından biri olmaqda ittiham edirlər. Artıq hökumətə yaxın KİV-lərdə "Quska” Ləqəbli Abdullayevin həbsi və Avropadakı fəaliyyəti, keçmiş və indiki əlaqələri haqda məlumatlar tirajlanmağa başlayıb.

Məsələn, Musavat.com-un iddiasına görə, Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirdən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb. H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir. "Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Ağdəniz sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki "kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər”.

Saytın iddiasına görə, hakimiyyət H.Abdullayevə münasibətdə təmkin nümayiş etdirib. O zamana qədər ki, Avropada yeni peyda olan "söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı "kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Sitat: "Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki, Avropadakı "söyüş müxalifəti”ni də, Əli Kərimlinin Avropa ölkələrindəki qruplarını da "Quska” ləqəbli Hüseyn Abdullayev üzərindən maliyyələşdirir və koordinasiya edirlər. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş. Hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır”.

1abbas

Təqdim etdiyimiz bu abzasda ən diqqətçəkən məqam, şübhəsiz ki, "Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış sima”nın "gizli iqtidar düşməni” adlandırılmasıdır. Maraqlıdır, kimdən, hansı səfirdən söhbət gedir?

Yuxarıda barəsində danışdığımız və təsadüfi hesab etmədiyimiz yazıda H.Abdullayev keçmiş MNT başçısı Eldar Mahmudovla da əlaqələndirilir. Müəllifin fikrincə, Hüseyn Abdullayev çox tezliklə istintaqla əməkdaşlığa gedəcək. Sitat: "Bu da o deməkdir ki, indiki hakimiyyətin müəyyən eşelonunda yer alan bəzi məmurların, eləcə də iqtidardan uzaqlaşdırılan bir sıra oliqarxların "başları” gedəcək. Onlardan biri də sabiq təhlükəsizlik naziri Eldar Mahmudovdur.

Eldar Mahmudov hələ nazir olarkən H.Abdullayevin əsas kuratoru olub. Sirr deyil ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentə Eldar Mahmudovun siyahısı üzrə düşə bilmişdi. Onun parlamentdə hakimiyyətin qüdrətli məmurlarına qarşı məlum çıxışlarının tezislərinin də Mahmudovun nazirliyində hazırlandığı iddia olunur. 2007-ci ildə həbsindən sonra onun "yüngül srok”la azadlığa buraxılmasında da bu gün kuratoru kimi adıçəkilən Eldar Mahmudovun birbaşa rolu olub. Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır”. /mənbə - Azpolitika.info/

Oxşar xəbərlər