“Quska”nı Kürdəxanı təcridxanasına aparan səbəb...

  • 25 apr 2018, 17:13

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən "Quska” ləqəbli biznesmen, sabiq deputat Hüseyn Abdullayev ətrafında gedən proseslər səngimək bilmir. Hər gün onunla bağlı yeni-yeni detallar üzə çıxır. 

Azərbaycana gətirildiyi gündən onun haqqında tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilsə də, bunun tam əksi baş verib. Aprelin 24-də H.Abdullayevin Bakı İstintaq Təcridxanasına köçürüldüyü məlum olub. Məhkəmə önünə çıxarılmadan təcridxanaya köçürülməsi və bunun ictimaiyyətdən gizli saxlanılması çoxsaylı suallar doğurub. Hər kəsə bəllidir ki, bir şəxs barəsində həbs qətimkan qərarı seçilmədən o şəxs təcridxanaya köçürülə bilməz. O zaman bir sual meydana çıxır.

"Quska”nı Bakı İstintaq Təcridxanasına aparan səbəb nədir?

Bu suala cavab tapmaq üçün onun vəkili, eləcə də, aidiyyatı qurumlardan açıqlama almaq istəsək də, buna nail olmadıq. Lakin etibarlı mənbələrdən aldığımız məlumata görə, "Quska” məhkəmə önünə çıxarılmayıb, onu istintaq təcridxanasına aparan yol 2007-ci ildən keçir. 11 il öncə deputat həmkarı Fəzail Ağamalı ilə parlamentdəki məlum qarşıdurmasına görə həbs edilərək, iki il azadlıqdan məhrum edilən H.Abdullayevin həmin cəzası bərpa olunub. Etibarlı mənbənin verdiyi daha bir fakt da ondan ibarətdir ki, "Quska” 2012-ci ildə ölkəni tərk edib Almaniyaya qaçdıqdan sonra onun haqqında 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) ilə cinayət işi açılarkən belə bir qərar da verilib ki, o həbs edildikdə 2007-ci ildə aldığı cəzanın qalan hissəsini çəkməyə davam etsin, paralel olaraq, vergidən yayınma maddəsi ilə ittiham olunsun. Məhz bunlar əsas tutularaq, sabiq deputat Azərbaycana gətirilib, iki gün Vergilər Nazirliyinin İstintaq İdarəsində dindirildikdən sonra Kürdəxanı qəsəbəsindəki təcridxanaya köçürülüb.

H.Abdullayevin 2007-ci ildə olduğu kimi, hakimiyyətlə anlaşmaq üçün yollar aradığı barədə də redaksiyamıza məlumat daxil olub. Sabiq deputatın həbsinin siyasiləşməsini istəmədiyi və hətta bunun üçün daha çox siyasi məhbusların hüquqlarını müdafiə edən tanınmış bir vəkillə müqavilə bağlamaqdan imtina etdiyi də bildirilir.

Amma onun bu dəfə hakimiyyətlə anlaşıb həbsxanadan qurtulmaq şansı sıfır faizlə dəyərləndirilir. Çünki 11 il öncə "xalq diplomatiyası” yolu ilə azadlığa çıxmağa nail olan "Quska” o zaman üzərinə müəyyən öhdəliklər götürsə də, sonradan onların hər birini pozub. Digər tərəfdən, xaricdə olduğu müddət ərzində daim Azərbaycan hökumətinə və ona rəhbərlik edənlərə qarşı aparılan kampaniyanın əsas təşkilatçılarından biri olub. Bunun üçün də keçmiş komandasının ona qarşı nə qədər qəzəbli olduğunu təsəvvür etmək çətin deyil. Bütün bunları nəzərə alaraq H.Abdullayevin anlaşma yolu ilə azadlığa çıxma şansları tunelin sonunda görünən işığa bənzəyir...

"Yeni Müsavat”

Oxşar xəbərlər