Gəncə QAİ-sini ittiham edən müəllimin dediklərinə TƏKZİB gəldi

  • 10 apr 2018, 10:17

"Demokratik.Az” saytında 07. 04.2018-ci il tarixində yayımlanmış Gəncə DYP-də özbaşınalıq!-Vətəndaşın 4720 AZN pulu oğurlanıb? sərlövhəli xəbərə DİN-in Qərb Regional Mətbuat Xidməti tərəfindən TƏKZİB verilib. Vətəndaş Füzuli Nəzərovun müraciəti və səsləndirdiyi iddialar əsasında hazırlanmış sözügedən yazıya münasibətdə bildirilir ki, "Gəncə şəhər BPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə bağlı yazıda səslənmiş iddialar həqiqətə uyğun olmayan, böhtan xarakterli, yol polisi-sürücü münasibətlərinə aid sıradan bir hadisənin əslində mahiyyətinin təhrif olunmuş formada təqdimatıdır".

TƏKZİB mətnini olduğu kimi diqqətinizə çatdırırıq:

"Vətəndaş Füzuli Nəzərovu yol polisi əməkdaşları haqqında olduqca qərəzli və şantaj mahiyyətli məlumatlar yaymağa 30.03.2018-ci il tarixində onun idarə etdiyi "VAZ-21099” markalı 19 BE-225 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması, baxış zamanı bu nəqliyyat vasitəsinin yan şüşələrinin normativ tələblər pozulmaqla işıqburaxma qabiliyyətinin 60% olan tünd şüşələrlə dəyişdirilməsinin müəyyənləşdirilməsi səbəb olub.

 Qanunvericiliyə uyğun olaraq barəsində İnzibati Xətalar Maddəsinin 342.2.2 maddəsinə uyğun olaraq protokol tərtib olunmaqla F. Nəzərov cərimələnib, etriazını ona məxsus avtomobilin isə mühafizə olunan duracağa qoyulmasına dair qərar qəbul edilib və bu prosedur sürücünün özünün şəxsi iştirakl ilə həyata keçirilib, bu zaman tərtib olunmuş protokola hər hansı şəkildə etirazını da bildirməyib.

"VAZ-21099” duracağa qoyularkən sükan arxasında olan F.Nəzərov avtomobilin qapılarını bağlayaraq həmin məkanı tərk edib, DYP əməkdaşlarına avtomobilin meydançaya təhvil götürülməsi barədə zəruri sənədləşmə aparmağa belə imkan verməyib, nəqliyyat vasitəsinin açarlarını özü ilə aparıb. Vətəndaşın 4720 manat pulunun oğurlanmasına gəldikdə isə qeyd edilməlidir kii, bu iddia da qərəzli olmaqla bərabər iftiradan başqa bir şey deyil.

Məlumat üçün bildiririk ki, ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də polis əməkdaşları cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, həmçinin  piyadaların, sərnişinlərin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmini üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu məqsədlə Gəncə BPİ DYPŞ-nin inspektorları şəhərinin mərkəzi küçələrində, xüsusilə də piyadaların və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə mütəmadi reydlər keçirir, qayda pozuntularına yol vermiş sürücülər barəsində qanuni tədbirlər görürlər. Bu barədə doğru-dürüst məlumatlar, obyektiv xəbərlər hazırlamaq, polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə vəsilə olmaq əvəzinə, əsassız iddialarla, ilk baxışdan da süni ajiotaj yaratmağa hesablanmış xəbərlər, "gurultulu” başlıqlar yazmaq sadəcə qeyri-peşəkarlıq və ucuz reklam əlamətidir".

Hörmətlə; "DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional

qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov"


 

Oxşar xəbərlər