“Rahim Şəkinski”nin necə vurulduğu açıqlandı

  • 30 mart 2018, 22:38

Fransanın Tuluza şəhərinin prokuroru Pyer İva Kullyo azərbaycanlı mühacir Rahim Namazovun və arvadının güllələnməsi hadisəsi ilə bağlı brifinq keçirib.

Virtualaz.org Fransa KİV-lərinə istinadən xəbər verir ki, prokurorun sözlərinə görə Namazova və arvadına atəş açan şəxs başqa biri ilə əlbir olub. Həmin şəxs killerə hadisə yerindən uzaqlaşmaqda kömək edib. Bu hadisə zamanı Namazovun 39 yaşlı arvadı Aida başından aldığı güllə yarasından ölüb, Namazov özü isə ağır yaralanıb.

"Təxminən 50 yaşlarında olan şəxs əlbir olduğu başqa şəxslə birlikdə yaxınlıqda park edilmiş avtomobildə gözləyib və Namazovla həyat yoldaşının olduğu avtomobilə bir neçə dəfə atəş açıb. Atəş açandan sonra həmin şəxs çox güman ki, əlbir olduğu şəxsin köməyi ilə hadisə yerindən qaçıb”-prokuror bildirib.

Pyer İva Kullyo onu da bildirib ki, Namazov hadisədən bir neçə gün əvvəl naməlum şəxslərdən telefonla ölüm təhdidi aldığı barədə polisi məlumatlandırmışdı. O, Tuluza prokurorluğunun bu cinayətin istintaqını üzərinə götürmədiyini, insidentin mütəşəkkil xarakter daşıdığı nəzərə alınmaqla Bordo prokurorluğu ilə razılaşdıraraq işin ixtisaslaşmış regionlararası yuridiksiya tərəfindən aparılmasının qərarlaşdırıldığını deyib.

"Fransa press” agentliyi bildirir ki, hadisə Rahim Namazovun yaşadığı evin yaxınlığında baş verib. Onun həmin vaxt mənzildə olan 15 yaşlı oğlu atəş səslərini eşidib. Hazırda Namazovların uşaqları ilə psixoloqlar işləyir.

Qeyd edək ki, bu hadisə Fransa və Avropa mediasında böyük rezonansa səbəb olub. Çünki əslində kriminal qruplaşmalara bağlı olan və "Rahim Şəkinski”, yaxud "Rahim Opasnıy” kimi tanınan Rahim Namazov jurnalist adı altında Fransadan siyasi sığınacaq alıb. O, özünü "Əlillər” qəzetinin əməkdaşı kimi təqdim edib və iddiasına görə Azərbaycan ordusunda baş verən ölüm hallarını araşdırdığı üçün təqib olunub, bir neçə dəfə həbs edilib.

Nəticədə Tuluzada baş vermiş sui-qəsd Fransanın və Avropanın aparıcı KİV-ləri, xəbər agentlikləri və telekanalları tərəfindən "siyasi mühacirin, Azərbaycan hakimiyyətinə qarşı sərt müxalif mövqeyi ilə tanınan jurnalistin” güllələnməsi kimi təqdim etməkdədir. İş o yerə çatıb ki, ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Deşir də xüsusi bəyantla çıxış edib və "jurnalistin güllələnməsindən şoka düşdüyünü, bu hadisənin diqqətlə araşdırılmalı olduğunu” bildirib.

Əslində isə "Rahim Şəkinski” bir neçə həftə əvvəldən başlayaraq YouTube-də öz səs yazısı ilə İstanbulda mənzillənmiş kriminal avtoritet "Lotu Quli”nin ünvanına söyüşlər yağdırırdı. O, özünü "Rövşən Lənkəranski”nin tərəfdarı kimi təqdim edirdi. YouTube-də "Lotu Quli”nin tərəfdarları da "Rahim Şəkinski”ni söyürdü və onu ölümlə hədələyirdi.

 

 

Oxşar xəbərlər