“Təşviqat kampaniyası heç bir ölkədə ideal deyil” - MSK sədri

  • 29 mart 2018, 10:05

Məzahir Pənahov namizədlərin təşviqatı və debatlarına rəy verdi; şeyx Allahşükür Paşazadədən seçki açıqlaması

İctimai Televiziya və Radio Yayımları Şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı debatları normal aparılır və hər hansı bir xoşagəlməz hal baş verməyib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri qeyd edib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması da normaldır: "Təşviqat kampaniyası heç bir ölkədə ideal ola bilməz. Seçki prosesi böyük bir prosesdir və hər hansı halların olması normaldır: ”Hər şey çox yaxşıdır" demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır".

M.Pənahov həmçinin bildirib ki, indiyə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin qeydiyyatı prosesi davam edir. Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 53 min nəfəri ötüb.

Dünən həmçinin Mərkəzi Seçki Komissiyasında yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub. MSK-nın media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən məlumata görə, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər. M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.

Onun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir: "Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində - 1000 seçki məntəqəsində kamera quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir. Seçki günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər”.

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinin uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu isə dünən Mərkəzi Seçki Komissiyasının sədr Məzahir Pənahovla görüşüb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, sədr seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirib, MDB Parlament Assambleyasından olan uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnun olduğunu vurğulayıb.

Qrupun rəhbəri, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutun direktoru Dmitriy Qladey isə bildirib ki, rəhbərlik etdiyi qrup müxtəlif ölkələrin nüfuzlu ekspertlərindən təşkil olunub. Qrupun məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qonaqların xahişi ilə aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər də daxil olmaqla, həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılmış addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidəçiləri Buyar Acari və Şarka Hafronkora isə dünən 76 saylı Lənkəran-Astara seçki dairəsində olublar. Bu barədə sechki-2018.az saytının yaydığı məlumatda deyilir. Məlumatda bildirilir ki, müşahidəçilər seçki dairəsinin fəaliyyəti, treninqlərin keçirilməsi, seçici siyahıları, məntəqələrə veb-kameraların quraşdırılması və digər məsələlərlə maraqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə seçki ilə bağlı açıqlama verib. O qeyd edib ki, Azərbaycanda bütün dindarlar prezident seçkilərində layiqli iştirak edəcək: "Azərbaycanda hər bir vətəndaş kimi dindarlar da seçkilərdə fəal olmalıdır. Biz seçkilərdə iştirak etməliyik və dövlətçiliyimiz naminə çalışmalıyıq. Mən inanıram ki, bizim dindarlar seçimlərini edəcək. İnanıram ki, dindarlar seçimlərini edib və kimə səs verəcəyini müəyyən edib. Bu gün azərbaycançılığın inkişafı hər bir insanın və o cümlədən dindarların borcudur”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Oxşar xəbərlər