Kafelərdə siqaret qadağası aradan qalxdı: Səbəb...

  • 26 mart 2018, 19:10
Ötən ildən ictimai yerlərdə siqaret çəkilməsi qanunla qadağan olunsa da, təzədən kafe-restoranlarda siqaret çəkilməyə başlanıb.
 
Axar.az xəbər verir ki, bir müddət qanunun tələbinə əməl olunmasına baxmayaraq, son 2 aydır əksər ticarət obyektlərində, kafelərdə siqaret çəkilməsi bərpa olunub.
 
Əməkdaşlarımız olduğu bəzi çayxana, kafe, publarda siqaret yasağına əməl olunmadığını görüblər. Halbuki həmin obyektlərin sahibləri siqaret çəkilməsini qadağan etmişdilər.
 
İctimai yerdə siqaret çəkilməsi ilə bağlı cərimələr tətbiq olunması nəzərdə tutulsa da, bu mexanizmi hansı qurumun həyata keçirəcəyi hələlik müəyyənləşməyib. Ona görə də ticarətçilər müştəriləri itirməmək üçün siqaret çəkilməsinə icazə verirlər. Hərçənd, siqaretə 30 manat cərimə nəzərdə tutulur.
 
Obyekt sahibləri isə deyirlər ki, müştəri cərimə ödəmək istəməyəcək. Müştəri ilə mübahisə isə iaşə obyektini, kafeni, restoranı gözdən salacaq, bu da müştərinin itirilməsi ilə nəticələnəcək.
 

Qeyd edək ki, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilmir.

 

Demokratik.Az

Oxşar xəbərlər