GDU-da araqarışdıran dezinformatorlar kimlərdir? - ÖZÜNÜİFŞA

  • 16 mart 2018, 11:02

Son günlər bir sıra xəbər saytlarının elektron poçt ünvanına Gəncə Dövlət Universitetində fəaliyyət göstərən "İdman Klubu" və klubun sədri Xəqani Umudov barədə həqiqəti əks etdirməyən, qərəzli və böhtan xarakterli məktublar göndərilir. "Demokratik.Az" xəbər verir ki, bu kimi anonim və "hazır məqalə" şəklində göndərilən məqsədli məktubların heç bir əsası yoxdur.

Hələlik özünün əsl kimliyini [email protected] adlı saxta elektron poçt ünvanında gizlətdiyini düşünən şəxs(lər) son günlər saytlara və hədəflərinə qarşı inanılmaz taktika seçiblər. Ağızlarına gələni mövzu edib yalandolu məktublar ünvanlayan şəxs(iyyətsiz) universitetin müxtəlif müəllimlərinin telefon nömrələrini və şəxsi həyata aid məlumatları da yazaraq saytlara göndərir, gün ərzində isə dəfələrlə yazdıqlarının ictimailəşdirilməsi tələbində bulunurlar.

Hazırda bir neçə saytda eyni məzmunda yayımlanan "GDU-DAGÖZƏLÇƏLƏR ÜÇÜN FİTNES KLUBU" başlıqlı anonim məktubu bəzəyən faktlar şəxsən saytın rəhbəri Osman Nərimanoğlu tərəfindən yerindəcə araşdırılıb və əsl mahiyyətin nədən ibarət olması barədə müəyyən məqamlar ortaya çıxıb. Nəticədə ilk dəfə "Demokratik.Az"-da dərc edilmiş xəbərin tammətnli dezinformasiya və qərəz olduğu nəzərə alınaraq silinib. Bundan sonra jurnalist araşdırması zamanı əldə olunan xoşagəlməz nəticə barədə universitetin rektoruna lazımi bilgilər verilib.

Faktlar araşdırılarkən jurnalist müəyyən edə bilib ki, saytlara yalan bilgilər ötürən, nəticədə oxucu və sayt arasında inamsızlığa, xüsusilə universitet kollektivi arasında qeyri-sağlam mühitə şərait yaradan şəxslər elə Universitetin özündə - 2-ci tədris korpusunda vəzifə tutan şəxslərdir. Bu isə təbii ki, təəssüf və hiddət doğurub. Universitet daxilindəki "anonimşik"lərin tapılıb əməllərini isbatdan sonra cəzalandırılmaları istiqamətində başlayan araşdırma artıq öz "bəhrəsini" verib. Belə ki, ötən gün eyni e-maillə saytlara növbəti yalanlar göndərən nankor müəllimlər onu da uydurublar ki, güya bir neçə sayt rəhbərliyi universitetdən 300-500 manat rüşvət alıb. Bu gülməli iddiada isə "Demokratik.Az"-ın rəhbəri, jurnalist Osman Nərimanoğlunun adı daha çox qabardılır. Səbəbi artıq bəllidir. Çünki öz kollektivinə, öz universitetinə xəyanət edənlərin, bu yalançı danosbazların kimliyini məhz biz hər kəsə bəyan edəcəyik və onlar artıq bunu yaxşı anlayır. Hər gün rektora yaltaqlana-yaltaqlana GDU-da meydan sulayan bu nankor tiplər özlərini avamlığa vurmağa çalışırlar. Amma "xoruzun quyruğu görünür"!. E-mailin izinə düşən İT mütəxəssisi son giriş siqnalının universitetin 2-ci korpusunun hansı otağından və şəhərin hansı internet klubundan gəldiyini aydınlaşdıra bilib.

Sonda, adlarını indidən çəkməsək də bəyan edirik! Saytlara yalan bilgilər göndərən işbazlardan biri GDU-nun 2-ci korpusunda dekan müavini, biri də kafedra müdiridir. Adlarının açıqlanmasını və zəruri tədbir görülməsini isə hələlik universitet rəhbərliyinin ixtiyarına buraxırıq! Əks təqdirdə, tərəfimizdən aidiyyatı hüquq mühafizə orqanlarına müraciət edəcəyik. 

Redaksiyadan: Digər həmkarlarımıza da səslənib deyirik ki, aldıqları elektron məktubları dərindən incələsinlər və öz çirkin maraqlarını diqtə etməyə çalışan kimsələrin ruporu olmamağa çalışsınlar. Digər sayt rəhbərlərinin də yuxarıda qeyd olunanlara həssaslıqla yanaşacaqlarını istərdik.

GDU-nun idman klubu"nun fəaliyyətinə dair hazırladığımız eksklüziv materialı da yaxın saatlarda oxuya biləcəksiniz.  

 

"Demokratik.Az" 

Oxşar xəbərlər