Azərbaycanda təkmil seçki sistemi mövcuddur

  • 13 mart 2018, 09:02

Müstəqillik dövründə Azərbaycanın çox böyük seçki təcrübəsi formalaşıb. Seçki sistemləri təkmilləşdirilib, texniki təchizat da ən yüksək səviyyədədir. Bunu sechki-2018.az saytına açıqlamasında Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

O qeyd edib ki, Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün yaradılan şərait göz önündədir: "Neçə illərdir ki, beynəlxalq müşahidəçilər seçkilərlə əlaqədar rəy verirlər və seçkiləri yüksək dəyərləndirirlər. Mən hələ Demokratik Seçki Mərkəzinin sədri olduğum illərdə seçkiləri izləyirdik. Referendumda, prezident, daha sonra bələdiyyə və Milli Məclis seçkilərində müşahidələr aparmışıq və nəticə olaraq, müsbət rəylərimizi təqdim etmişik”.

Prezident seçkilərinin də azad və şəffaf şəkildə baş tutacağına əminliyini bildirən R.Zeyni seçkiyə hazırlıq prosesinin, seçki mühitinin yüksək dəyərləndirildiyini vurğulayıb.

Milli QHT Forumunun prezidenti ölkəmizin bu seçkiləri yüksək səviyyədə keçirməyə tam hazır olduğunu bildirərək deyib: "Azərbaycan bu gün dünya, region, Avropa əhəmiyyətli qlobal layihələr icra edir. Ölkəmiz müstəqil xarici siyasət yürüdür. Ona görə də ölkəmizdəki seçkilərə beynəlxalq ictimaiyyətin də marağı böyükdür. Azərbaycanda seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyəcək. Seçki məntəqələrində video-müşahidələr aparılacaq. Dünyanın istənilən nöqtəsindən istənilən şəxs seçkiləri canlı yayımla, video-görüntü ilə izləyə bilər. Bütün bunlar şəffaflığın, ədalətin təmin olunması deməkdir”.

 

Demokratik.Az

Oxşar xəbərlər