8 Martda qayda pozanlara cərimə əvəzinə HƏDİYYƏ

  • 09 mart 2018, 11:20

Dünən Yol polisi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda qadın sürücüləri təbrik edib. Paytaxt ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılıb, eyni zamanda, xanımların idarə etdikləri nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb. Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh tədbiri seçilməyən xanım sürücülər "Nümunəvi xanım sürücü” kimi mükafatlandırılıblar.

Reyd zamanı qayda pozuntusu olan xanım sürücülərə də rast gəlinib. Lakin yol polisi bu gün onlara cərimə yazmayaraq törətdikləri qayda pozuntusunu izah edib, maarifləndirici söhbətlər aparıb və qaydalara əməl etməyi tövsiyyə edərək hədiyyələr təqdim edib. 21 şirkətin hədiyyələri təxminən 200-dən artıq xanım sürücüyə paylanılıb. Hədiyyələr arasında pulsuz yanacaq, restorana 2 nəfərlik şam yeməyi, pulsuz yağdəyişmə, kosmetika məhsulları, avtomobil aksessuarları və digər kuponlardan ibarət olub.

Yol polisi budəfəki reyd zamanı yollarda təmizlik işləri ilə məşğul olan xanımları da unutmayıb. Onlara da müxtəlif hədiyyələr təqdim edilib. Eyni zamanda, piyada xanımlar arasında da yol polisindən hədiyyə alanlar olub. Ən maraqlı hal isə xarici turistlərlə bağlı olub. DYP-nin keçirdiyi reydi maraqla izləyən turistlər yol polisinin diqqətindən kənarda qalmayıb. Xanım turistlərə yol polisi tərəfindən güllərin verilməsi onları sevindirib və ölkəmizlə bağlı xoş sözlərlə fikirlərini ifadə ediblər. 

Reydlərdə azyaşlı uşaqların yol polisi geyimində iştirak etməsi isə xanım sürücüləri xeyli sevindirib və təəccübləndirib.

Demokratik.Az Avtosfer.az-a istinadən həmin reyddən video təqdim edir:


 

Oxşar xəbərlər