11 yaşlı azərbaycanlı qızın deportasiyası Almaniyanı qarışdırdı

  • 07 mart 2018, 15:49

Bavariya torpağının Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri səkkiz ildir ki ailəsi ilə Almaniyada yaşayan 11 yaşlı azərbaycanlı qız Zərnişanın deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.

Virtualaz.org "Passauer Neue press” alman nəşrinə istinadən xəbər verir ki, ailəsi ilə birlikdə qızcığazı bir dəfə deportasiya etməyə cəhd olunub. Milad ərəfəsində Almaniya polisi Zərnişanı, onun valideynlərini və üç kiçik qardaşını Kellberqdəki mənzillərindən götürərək, Azərbaycana deportasiya üçün aparıblar. Lakin o vaxt azərbaycanlı ailəni vətəninə yola salmaq mümkün olmayıb – polis təyyarəyə gecikib.

Azərbaycanlı qızın taleyi bir neçə ay ərzində onun təhsil aldığı idman məktəbinin bütün siniflərində müzakirə obyekti olub. Bu barədə mənbəyə məktəbin direktoru Hans Simmerl danışıb.

"Heç birimiz anlamırıq ki, burada səkkiz il yaşayan, alman dilində gözəl danışan və cəmiyyətimizə tamamilə inteqrasiya olunmuş bir adamı necə deportasiya etmək olar. Zərnişan məktəbdə hamıdan yaxşı oxuyur, onun gələcəkdə əmək bazarında gözəl perspektivləri var”, - Hans Simmerl deyir.

Müəllimləri və valideynləri ilə birlikdə idman məktəbinin yüzlərlə şagirdi tədris müəssisəsinin həyətində Zərnişanın deportasiyasına qarşı etiraz aksiyası keçiriblər. Uşaqlar və böyüklər həyətə əllərində azərbaycanlıları dəstəkləyən şüarlarla çıxıblar: "Zərnişan, burada sən evindəsən!”, "Biz səninləyik!”, "Sən bizə lazımsan”.

"Zərnişan bizim uşaqlardan biridir. Nəyə görə ona Almaniyada qalmaq olmaz?” – müəllimə Silviya Uolter bildirir.

Onun sözlərinə görə, nə özü, nə də şagirdləri anlamırlar ki, alman cəmiyyətinə tamamilə inteqrasiya olunmuş bir ailə niyə deportasiya edilməlidir. Həm də o halda ki. qızcığazın qardaşı və bacısı burada – Almaniyada dünyaya gəliblər.

"Zərnişan almanca əla bilir, nümunəvi şagirddir və əl atdığı bütün işlərdə yaxşı nəticələrə nail olur. Bu qızın gözəl gələcəyi var”, - Silviya Uolter əminliklə deyir.

Demokratik.Az

Oxşar xəbərlər