Müxalifət prezident seçkisinə pul tapacaqmı?

  • 06 fev 2018, 09:54

Tural Abbaslı: "Təşkilati təcrübə nə qədər çoxdursa, maliyyə o qədər az lazımdır”; Əli Əliyev: "Ayırmağı düşündüyümüz məbləğ müxtəlif faktorlardan asılıdır”

Prezident İlham Əliyevin aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam ölkə gündəminin əsas mövzusuna çevrilməklə yanaşı, bir çox məsələləri gündəmə gətirdi. Bunlardan biri də, seçkidə iştirak edəcək ölkə müxalifətinin üzləşə biləcəyi maliyyə problemləri ilə bağlıdır.

Prezident seçkisi hər bir ölkədə olduğu kimi yüksək maliyyə tələb edən prosesdir. İndiyə qədər seçkilərdə iştirak edəcəklərini bəyan edən bir neçə qurumun bu problemlə üz-üzə qalıb-qalmayacaqlarını, konkret olaraq seçkilərə hansı məbləğdə vəsait ayıracaqlarını öyrəndik.

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, maliyyə məsələsi müxalifətin ən zəif və ən həssas yeridir: " Bu iqtidarın uzun illər fəaliyyətinin nəticəsi olaraq müxalifət qanunla nəzərdə tutulmuş bütün maliyyə resurslarından məhrum olub. Yəni müxalifət hər zaman adətən seçkilərdə minimum məbləğlə nəsə etməyə çalışıb. Üstəlik nəzərə alsaq ki, biz AĞ partiya olaraq yeni partiyayıq və maliyyə resurslarının tapılması istiqamətində elə bir təcrübə və işlərimiz olmayıb, o zaman bəlkə də seçkinin önə çəkilməsi ən çox bizə zərbə oldu.

Biz hələ yeni bu istiqamətdə iş görməyi planlayırdıq. Yəni ianə və üzvlük haqları və ya seçki fondu filan yaratmaqla bağlı planlar qururduq. Seçkiyə nə qədər maliyyə ayırmağa gəldikdə isə maliyyə nə qədər çox olsa təbii ki, o qədər yaxşıdır. Ancaq müxalifət olaraq uzun illərdir az maliyyə ilə çox iş görmək təcrübəmiz var. Mən bu məsələyə həmişə belə bir düsturla yanaşmışam - siyasi təşkilatı təcrübə nə qədər çoxdursa, maliyyə o qədər az lazımdır. Tam əksinə təcrübə nə qədər azdırsa, maliyyə o qədər çox lazımdır. Bizim indiki mərhələdə əsas işimiz maliyyə tapmaq yox, imza toplamaq olmalıdır deyə düşünürəm. Hələlik heç bir halda seçkidən geri çəkilmək fikrimiz yoxdur”.

VİP sədri Əli Əliyev maliyyə problemləri ilə üzləşəcəklərini istisna etmədi: "Seçkilərin vaxtının dəyişməsi bütün tərəflərdən, o cümlədən maliyyə işlərimizə də mənfi mənada təsir göstərmiş oldu. Bütün işlərimizi 6-7 ay sonraya planlaşdırdığımız üçün sözsüz indi müəyyən problemlər yaranacaq. Lakin bu çətinlik seçkidən geri durmağa nədən ola bilməz. Ayırmağı düşündüyümüz məbləğ müxtəlif faktorlardan asılıdır. Onu da yalnız prosesin gedişində tam söyləmək mümkün olur. Biz sadəcə olaraq ehtiyat resurs hazırlayırıq ki, yarımçıq dayanmayaq. Ona görə məbləğ söyləmək çətindir. 2013-cü ildəki seçkilərin 1-ci mərhələsinin işlərinə imzatoplama, ilkin hazırlıq, təşviqat kampaniyası materiallarının ideya hazırlığına 30 min manatdan bir qədər artıq vəsait xərcləmişdik. O zaman qiymətlər indikindən xeyli aşağı idi. ABŞ dolları ekvivalenti ilə götürsək, 40 minə yaxın vəsait idi”.

KXCP sədrinin müavini Xəzər Teyyublu ile ilgili görsel sonucu

KXCP sədrinin müavini Xəzər Teyyublu bunları dedi: "Partiyamızın ötən ayın 28-də qərarı olub və sədrimiz Mirmahmud Mirəlioğlunun namizədliyi irəli sürülüb. Düşünürəm ki, seçkilərin aprelin 11-ə təyin olunması seçkilərdə iştirak edəcək bütün siyasi qurumlara böyük zərbədir. Prezident seçkisi o qədər ağır bir prosesdir ki, bütün ölkəni əhatə etdiyi üçün yüksək məbləğdə vəsait vacibdir. İqtidar tərəf öz resurslarından istifadə edə bilir, amma müxalifətin belə imkanları yoxdur. Yarana biləcək hər hansı bir problemlər partiyamızın idarə heyətinin iclasında ayrı-ayrılıqda müzakirə ediləcək. Təkcə bir partiyanın təmsilçisi kimi deyil, həm də bir vətəndaş kimi arzu edərdim ki, bütün siyasi qurumlar tezliklə bir araya gəlsinlər. Buna çox böyük ehtiyac var. Həm də nəzərə almaq lazımdır ki, martın 18-də Rusiyada prezident seçkisidir və ondan sonra bizim seçkilərə ”şimal küləyi" daha çox əsə bilər. Yəni bizlər üçün problem tək maliyyə məsələsi olmamalıdır. İstənilən halda seçkiyə maliyyəsiz getmək absurd olardı. Ölkənin 60 dairəsində imza toplamaq və təkcə namizədliyi qeydə aldırmaq üçün çox ciddi maddi vəsait lazımdır. Bundan sonrakı proseslər də maliyyəsiz ötüşmür. Oktyabra qədər bir müddət vaxt var idi və müəyyən qədər nizamlı addımlar atmaq imkanlarımız var idi. Amma indi bunlar yoxdur və bu bizim üçün əlavə çətinliklər yaradır".

Cavanşir ABBASLI-  /Y.M/

Oxşar xəbərlər