Novruz əfvi gözlənilir: İlqar Məmmədov, Fədayə Laçın, Fuad Qəhrəmanlı və… – Siyahı

  • 01 fev 2018, 09:34

Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir

Komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb. Novruz bayramında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, müşaviri Asif Yusifli, müğənni Fədayə Laçın, NİDA üzvü İlkin Rüstəmzadə əfv edilə bilər.

REAL sədri İlqar Məmmədov, Seymur Həzi, Tofiq Həsənov, Elgiz Qəhrəman, Məmməd İbrahim və başqaları azadlığa çıxa bilər. Onlar siyasi məhbus kimi hüquq müdafiə təşkilatları tərəfindən tanınıblar.

Lakin uzun zamandır ki, həbs həyatı yaşayırlar. Azərbaycan hökuməti isə ölkədə siyasi motivlə həbs edilən məhkum olmadığını bildirir.

Novruz bayramında isə prezident yüzlərlə ailəni sevindirəcək. Həm tanınmışların, həm adi dustaqların ailələri bayramı birgə keçirəcəklər. Prezident bu humanist fərmanı hər bayramda imzalayır.

Deputat, Əfv Komissiyasının üzvü Məlahət İbrahimqızı Azərbaycanda "Qızıl amnistiya”nın imzalana biləcəyini deyib. Qarşıdakı ayların birində belə bir sərəncamın verilmə ehtimalları yüksək dəyərləndirilir.

Xüsusilə bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz ilinin tamam olması və ölkə başçısının bu ili "Cümhuriyyət ili” elan etməsi bu məsələni daha da aktuallaşdırıb.

"Qızıl amnistiya”nın məhz 28 may ərəfəsində veriləcəyi barədə xəbərlər dolaşmaqdadır.

Bu ilin "Cümhuriyyət ili” elan olunması ilə bağlı verilən qərarın əhəmiyyətini daha da artırmaq üçün bu tipli amnistiyanın verilməsinə böyük ehtiyacın olduğu vurğulanır.

RealMedia.az xəbər verir ki, ”Qızıl amnistiya” verilərsə, cəmiyyətdə sıfırdan yenidən münasibətlərə baxmaq məsələsinə başlanıla bilər.

Nəticədə böyük bir milli barışıq üçün zəmin yaranar. Həbsxanada çoxsaylı günahkar insanlar var ki, səhvlərini anlayıblar, cəzalarının müəyyən hissəsini çəkiblər.

Cümhuriyyətin yüz illiyi ilə bağlı ölkədə başqa islahatların da keçirilməsini çox istərdik. Bu problemlərin həlli əhali üçün böyük bayram müjdəsi olardı.

Hökumət siyasi məhbus anlayışını qəbul etmir və hesab edir ki, həbs olunanlar siyasi motivlərlə həbs edilməyiblər. Amma hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi insanlar var.

Çox istərdik ki, mart ayında siyasi məhbusların azadlığa buraxıldığı bir əfv sərəncamı verilsin, yaxud amnistiya ilə yanaşı da əfv imzalansın.

Bunları etmək üçün bəhanələr, günlər kifayət qədərdir. Heç belə günlər olmadan da bir qrup insanı azad etmək olar.

Bir sıra şəxslər var ki, onların tərəfdarları, onları müdafiə edən şəxslər var, onların azad edilməsi üçün beynəlxalq qurumların tələbləri ortadadır.

Digər tərəfdən, yaxşı olardı ki, həbsdə olan qadınlar bu sərəncamlarla azadlığa buraxılanlar sırasında çoxluq təşkil edərdilər.

İki gün öncə də Gözəl Bayramlıya üç il həbs cəzası verildi. Çox arzu olunur ki, əfv və amnistiya verilərsə, bu sırada qadınlar çoxluq təşkil etsinlər.

Mayın 28-dəki önəmli bayramımızla bağlı çox istərdim ki, yaradılan müvafiq qurum cəmiyyətin sosial sifarişini yerinə yetirsin. Bununla Azərbaycan dünya miqyasında daha çox müsbət mövqelər alardı.

Oxşar xəbərlər