“Camaat bu PİS vərdişdən əl çəksin” - İLHAM ƏLİYEV

  • 30 yan 2018, 11:49

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev idxal və ixracla bağlı bəzi rəqəmləri müqayisə edib.

Demokratik.Az xəbər verir ki, bu müqayisələr zamanı İ. Əliyev maraqlı fikirlər səsləndirib: 

"Maraqlı bir məsələ kartofla bağlıdır - 26 milyon dollar dəyərində satmışıq, 40 milyon dollar dəyərində almışıq. İndi kartofun istehsalı elə olmalıdır ki, ümumiyyətlə, idxaldan söhbət getməsin. Ancaq daxili tələbatı ödəməliyik və ixrac etməliyik. Bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır.

Soya və ondan alınan məhsullar - 38 milyon dollar xaricə gedir. İndi soya əkini başlayır. Mənə verilən məlumata görə, bəzi yerlərdə məhsuldarlıq o qədər də yaxşı deyil. Əlbəttə, birinci, ikinci ildən sonra təhlil aparmaq bir qədər çətindir. Ancaq hesab edirəm ki, bu sahədə də yerli istehsal üçün yaxşı potensial var.

Qeyri-qida məhsulları üzrə. Dərman vasitələri - 211 milyon dollar dəyərində. Düzdür, biz onun hamısını Azərbaycanda istehsal edə bilmərik. Ancaq indi bir neçə dərman zavodu tikilir və idxaldan asılılıq müəyyən dərəcədə azalacaq.

Siqaret - 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər.

Trikotaj məhsulları - xaricə təxminən 100 milyon dollar gedir. Bizim fabriklərimiz, xammalımız var. Ona görə biz bu boşluğu doldurmalıyıq.

Sabun-yuyucu vasitələr - 100 milyon dollarlıq idxal olunub. Yuyucu vasitələrin də, sabunun da istehsalı Azərbaycanda təşkil olunmalıdır. Bu, o qədər çətin məsələ deyil. Ona görə bu məsələyə mütləq baxmaq lazımdır.

Şüşə və ondan hazırlanan məhsullar - təxminən 80 milyon dollar xaricə gedir. Bu məsələ öz həllini tapacaq. Sumqayıt Kimya Sənaye Parkında müasir şüşə zavodu tikilir. Burada inşaatda istifadə olunan ən gözəl, müasir şüşələr istehsal ediləcək, xaricə ehtiyac olmayacaq. Bizim şüşə qablar zavodumuz da var. İndi orada yeni xətlər qurulacaq ki, özümüzü həm məişətdə, həm də tikintidə istifadə olunan şüşə ilə təmin edək”.

"Demokratik.Az"

Oxşar xəbərlər