Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?

  • 15 yan 2018, 07:50

Bir vaxtlar azərbaycanlı qızlar üçün əcnəbi ər bir qədər də əlçatmaz hesab olunurdu. Bu məsələyə bir az da ehtiyatlı yanaşılırdı. Son illərin mənzərəsinə və reallığına nəzər salsaq, görərik ki, artıq əcnəbi ər məsələsi günümüzdə adi hala çevrilib. Hazırkı gənclər əcnəbilərlə ailə həyatı qurmaqdan nəinki çəkinmirlər, hətta buna can atırlar. Ədliyyə Nazirliyinin məlumatına görə 2017-ci ilin 9 ayı ərzində ölkə vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahların sayı 1541, 2016-cı ilin 9 ayı ərzində isə 1551 olub. Belə ki, 2017-ci ilin 9 ayı ərzində əcnəbilərlə nikah bağlayanların 804-ü qadın, 737-si kişi, 2016-cı ilin 9 ayı ərzində isə 808-i qadın, 743-ü kişi olub. Bu evliliklər arasında boşanmanın olub-olmaması, daha çox hansı ölkə vətəndaşları ilə nikahın qeydə alınması ilə bağlıdır ki, bu barədə də rəsmi qurumlar məlumat vermir.

Əlbəttə ki, Azərbaycanlı qızların əcnəbilərə ərə getməsinin səbəbləri var. İlk növbədə bu izdivac müəyyən maraqlar üzərində qurulur. Təbii ki, bu məsələdə sevgi amili də böyük rol oynayır.Bura maddi maraqlar, xarici ölkədə yaşamaq istəyini də əlavə etmək olar.Eyni zamanda, hər hansı bir xanım uzun müddət heç bir şəxslə ailə həyatı qura bilmir və qarşısına ilk çıxan əcnəbi vətəndaşın evlilik təklifini qəbul edib evlənir.Bundan əlavə boşanan və dul qalan azərbaycanlı qadınlarımızın əcnəbilərlə ailə həyatı qurmaları daha rahat və mümkün olur.Azərbaycanda bu məsələ bir qədər fərqli baxışla dəyərləndirilir, xarici ölkələrdə isə mənzərə tam başqadır.Bəzi qızlar həyatlarının müəyyən hissəsini karyera qurmağa sərf edir, ailə həyatı qurmağa gecikirlər.Bu halda onlar üçün də əcnəbilər ideal seçim olur. Ümumiyyətlə, qızlarımızın əcnəbi ilə ailə qurmasında kişilərin də bir az günahı var. Kişilərimiz bir qədər diqqətli, mehriban, başadüşən olsalar, heç bir qız öz istəyi ilə əcnəbi ər seçməz.

Müşahidələr göstərir ki, boşanmış və yaşı ötmüş qızlarımız daha çox Şərq ölkələri - İran, Türkiyə vətəndaşları ilə nikaha üstünlük verirlər.Bu, daha çox vətəndaş nikahı və ya dini nikah olur. Belə ailələrdə sonradan problem yaranarsa, uşağa atalığın verilməsi, uşağın ölkəyə gətirilməsi və s. problemlər ortaya çıxır. Boşanma prosesində isə başqa problemlər ortaya çıxır ki, bu da çoxlu maliyyə vəsaiti tələb edir.Bir çox hallarda isə qadın özünü müdafiə edə bilmir.Əsasən Şərq ölkələrinin vətəndaşlarını narahat edən məsələlər əmlak problemi və uşağın hansı valideynlə qalmasıdır.

Azərbaycan qadınları düşünürlər ki, əgər əcnəbi kişi ilə ailə qurarsa, demək, onun azadlığı olacaq və istədiyi kimi yaşayacaq. Amma bu heç də həmişə belə olmur və olan uşaqlara olur... Yəni əcnəbilərlə nikah həmişə uğurlu olur.Uğursuz nikahlar da kifayət qədər çoxdur.

Qeyd etmək lazımdır ki, son illər Azərbaycanda qadın qətllərinin, qadına qarşı zorakılıq hallarının sayı artıb.Qadına qarşı kəskin münasibət, evdə qərar qəbul etmə haqqından məhrumetmə, döyülmə və digər məsələlər də əcnəbi ər məsələsini gündəmə gətirir.Mütəxəssislər hesab edir ki, ümumilikdə qadına qarşı şiddət formaları digər qadın ünsürlərin əcnəbi vətəndaşlarla izdivaca girmək arzusunu artırır.Bu isə gələcəkdə əhalinin sayının azalmasına və əcnəbilərlə nikah məsələsinin artmasına gətirib çıxaracaq.

Digər bir tərəfdən, qadınlarımızın əcnəbilərlə nikahına səbəb daha çox bizim oğlanlarımızın iqtisadi vəziyyəti və işsizliyidir.Bugünkü reallığa nəzər salanda təəssüf ki, bir çox gənc oğlanlarımız vaxtında ailə qura bilmirlər.Qurduqları ailədə də dərhal ciddi iqtisadi problemlər başlayır.İstər-istəməz sosial çatışmazlıqla bağlı narazılıqlar, ailədaxili münaqişələr və nəticədə boşanmalar baş verir.Bu baxımdan mütəxəssislər bizim ailə qurmaq yaşında olan gənclərimizin mənzil probleminin hansısa vasitə ilə həll olunmasının vacibliyini əsas tuturlar.

Bəzi hallarda xaricdə təhsil alan azərbaycanlı qızlar yenidən Azərbaycan mühitinə adaptasiya oluna bilmədiklərinə görə elə oradaca ailə qurur. Eyni halda yaşı keçmiş və boşanmış qadınların da əcnəbilərlə ailə qurması hallarına daha çox rast gəlinir.Son 10-15 illə müqayisədə hazırda əcnəbilərlə ailə quranların sayında artım müşahidə edilir. Bunun başlıca səbəbi isə bəzi hallarda ailələrdə baş verən qadın zorakılıqları və gender bərabərliyinin qorunmaması ilə bağlıdır. Digər məqam isə bu məsələdə vətənpərvərlik hissi ilə əlaqədardır ki, bu da müəyyən qədər təsir edir.Əcnəbilərlə nikah daima siyasi xarakter daşıyıb.Burada tərəflərin hansısa formada öz ölkəsini təmsil etməsi önəmli məsələlərdən biridir.Təəssüflər olsun ki, əcnəbilərlə ailə quranlar onların təsiri altına düşürlər.Lakin əslində vətənpərvərlik və ölkənin maraqları hissi daha öndə durmalıdır.

Daha bir vacib məqam da ondan ibarətdir ki, əcnəbi kişilər azərbaycanlı qadınlara çox maraqlı olur.Çünki azərbaycanlı qadınlar ailə qədri bilən, zəhmətkeş, qayğıkeş və səmimi olurlar.Ümumiyyətlə, hər bir ölkənin kişilərinin əcnəbi qadınlara marağı olur.Onlar tanıdıqları əcnəbi qadınları öz millətinin qadınları ilə müqayisə edirlər.Təbii ki, son olaraq ürəkləri istəyən qadınla ailə həyatı qururlar.Azərbaycan qadını da sevgi dolu olur.Ona bir qədər nəvaziş, bir qədər diqqət göstərdinsə, ömür boyu qulluğunda durur.Kişilər də bunu arzulayır və sevir.

Statistikaya nəzər yetirsək, görərik ki, Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlıların sayında artım var. Xüsusən də, xanımlarımız türk bəylərə üstünlük verərək onlarla ailə həyatı qurmağa üstünlük verir.Qardaş ölkəyə gəlin köçən xanımlarımızın sayı ildən-ilə artır.2016-cı ildə 2170 nəfər Türkiyə vətəndaşı azərbaycanlı xanımlarla ailə həyatı qurub.Bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb.Məlumata əsəsən, Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınlar bu göstərici üzrə üçüncü sıradadırlar.

Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə izdivac bağlayıblar. Azərbaycanlı qızların xoşbəxt etdiyi əcnəbilərin sırasında sonrakı yerdə İran vətəndaşları gəlir. Həmçinin, azərbaycanlı xanımların ailə qurduğu şəxslər arasında Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var.

Aparılan araşdırmalar göstərir ki, əcnəbilərə ərə gedən xanımların uğurlu izdivacı məhz türklərlə olur.Bu ona görə belədir ki, türk bəylərlə ailə quran xanımların izdivacının uğurlu olmasının səbəbləri dinin, danışıq dilinin, həyat tərzinin, mədəniyyət və digər xüsusiyyətlərin ortaqdır.

Cümhuriyyət.az

Oxşar xəbərlər