Fazil Məmmədov həbs olunur -

  • 11 yan 2018, 13:08

Artıq sabiq nazirin silueti dəmir barmaqlıqlar arxasında görünür; 9 şirkət və bir fiziki şəxs onun ən yaxın kadrlarının rəhbərlik etdiyi Lokal Gəlirlər Departamentini məhkəməyə verib; işin gedişatında sabiq nazirin qanunsuz əməllərinin araşdırılması üçün təqdimat verilə bilər

 

Sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən azad edildikdən sonra onun illər ərzində törətdiyi qanunsuz əməllərə görə cavab verməsi məsələsi də gündəmə gəldi. İlk günlərdən belə məlumatlar var idi ki, F. Məmmədov səhhəti ilə bağlı deyil, sırf yarıtmaz fəaliyyətinə, sahibkarlara qan uddurulduğuna görə vəzifədən alınıb.

 

Daha sonra isə sabiq nazirin vəzifədə olduğu müddət ərzində dəyəri milyard manatlarla ölçülən mal-mülkə sahibləndiyi, dövlətdən, xalqdan oğurladığı pulların 1 milyard manatını xaricə çıxara bildiyi də faktlarla ortaya çıxarıldı, konkret ünvanlar göstərildi. Əlbəttə, bu iqtisadi və maliyyə xəyanətlərinin qarşılığında onun sərbəst buraxılacağı, yaxud da özünün can atdığı kimi, səfir postuna təyin ediləcəyini düşünmək sadəlövhlükdür. Əksinə, Fazil Məmmədov üçün başqa "sürpriz”lər hazırlanır. Görünən budur ki, onun həbsi üçün artıq hüquqi baza formalaşır.

Belə ki, Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

"APA-Economics”in məlumatına görə, "Naviqator Mobil Servises”, "Retail Solutions”, "Azəri-Türk LTD”, "Azerbaijan Steel Supply”, "Transport-Servis LTD”, "Effekt-M”, "Nicat-Nəzrin”, "Kraun” MMC-lər və "Azəraqrartikinti” ASC-nin "Aqrartikintiservis” firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.


 

 

Bu şirkətlərlə yanaşı, fiziki şəxs Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib. 

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.

Məsələ ondadır ki, Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik "haqq”a oturdublar,  dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Fakt isə ondan ibarətdir ki, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Şübhəsiz ki, buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib.

Fazil Məmmədov vəzifədən çıxarıldıqdan dərhal sonra bu qurumun əməkdaşlarına qarşı məhkəmədə iddia qaldırılması onu göstərir ki, şirkət rəhbərləri illər ərzində zülmə məruz qalıblar və hüquqlarının bərpasına çalışırlar. Heç şübhəsiz ki, cavabdeh şəxslər məhkəməyə gəldikdə, onların bu qanunsuzluqları Fazil Məmmədovun göstərişi və razılığı ilə həyata keçirdiklərini də söyləyəcəklər. Nəticədə isə məhkəmənin Fazil Məmmədovun barəsində cinayət işi başlanılmasına dair müvafiq hüquq-mühafizə orqanlarına təqdimat göndərməsi qaçılmaz olacaq. Faktiki olaraq proseslərin Fazil Məmmədovun qandallanmasına doğru irəlilədiyi göz önündədir.

Bu ehtimal da var ki, Fazil Məmmədova qarşı ittihamlar daha sonra sabiq milli təhlükəsizlik naziri, hazırda istintaq edilən Eldar Mahmudova qarşı başlanan araşdırmalarla əlaqələndirilə bilər. Çünki hələ 2 il öncə MTN olayları baş verəndə sahibkarların soyulması prosesində Vergilər Nazirliyinin rəhbərliyinin, konkret olaraq Fazil Məmmədovun da əleyhinə ittihamlar səslənirdi və ortada bunu təsdiqləyən şahid ifadələri, digər faktlar da var. Hər halda, məsələ kifayət qədər ciddi xarakter alıb və işin ilkin mərhələsinə - faktların fiksəsinə start verilib. Başqa sözlə, artıq F. Məmmədovun silueti dəmir barmaqlıqlar arxasında görünür...

M.MAHRIZLI,
Musavat.com

Oxşar xəbərlər