Ermənistan əhalisi sürətlə yoxsullaşır - işğalmı, inkişafmı?

  • 06 yan 2018, 10:23

Erməni deputat: "Ölkədən fəlakətli miqyasda köç baş verməkdədir”; Rusiya nəşri: "2018-də Ermənistan Rusiyanın ”kürək" vermədiyi müharibəyə tuş gələ bilər"; Qarabağa dair qətnamə layihəsi BMT-yə təqdim ediləcək

İşğalçı Ermənistan bu ildən parlamentli üsul-idarəyə keçəcək. 2018-ci ilin aprelində ölkə parlamentinin seçəcəyi yeni prezident və baş nazirin səlahiyyətləri artıq indiki kimi olmayacaq. Baş nazir daha böyük səlahiyyətlər əldə edəcək, prezident isə Ermənistanın formal dövlət başçısı olacaq.

Ancaq əksər siyasi analitiklərə görə, idarəçilikdəki bu dəyişiklik nə ölkəyə, nə də erməni xalqına yaxşı heç nə vəd eləmir. Çünki Ermənistanın mövcud ağır iqtisadi-siyasi durumu onun Konstitusiya quruluşu ilə bağlı deyil, müstəsna olaraq Azərbaycanla müharibə vəziyyəti və Rusiyadan vassal asılılığı ilə birbaşa ilgilidir.

"Ermənistanda kimin baş nazir olmasından asılı olmayaraq, olduqca mürəkkəb problemlərin həllindən o, qaça bilmıəyəcək. Problemlərdın biri də əhalinin böyük bir qismində Rusiya və onun kapitalı timsalında ”işğalçı", "istismarçı”, "Azərbaycana silah satan düşmən” obrazının aradan qaldırmaqdır". Musavat.com-un məlumatına görə, bu barədə Rusiyanın Rosbalt nəşrindəki analitik məqalədə deyilir.

Məqalə müəllifinin qənaətincə, Ermənistan hökuməti xüsusən də əhalinin qərbyönlü əhvalı və oliqarxik sistemdən narazılığı fonunda çətin ki, bu yüklə bacarsın. "Hakimiyyət Rusiya və Qərbdən maksimum divident qoparmaq, ”iki stul"da oturmaq və bu zaman ölkədə nisbi sabitliyi qorumaq kimi inadlı istəyində bir çox şeyləri nəzərə almayıb. Bu aşkar "boşluq” erməni hakimiyyəti üçün artıq elə bu il ciddi əks-səda verə bilər - anti-Rusiya ovqatının güclənməsi ilə. Buna isə hansısa formada Azərbaycanla müharibə təhlükəsi reaksiya verməli olacaq. Ermənistan Rusiyanın "kürək” vermədiyi müharibəyə tuş gələ bilər" - məqalədə qeyd edilir.

*****


 

 

Bu arada həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə və işğal faktına görə blokada rejimində olan işğalçı ölkədə sosial-iqtisadi durum daha da ağırlaşmaqdadır. Yanvarın 1-dən artıq bir çox gündəlik tələbat mallarının qiyməti yenidən artıb. Ermənistan parlamentində "Tsarukyan” blokunun üzvü, Avropaya inteqrasiya üzrə daimi komissiyanın sədri Naira Zoqrabyanın bu xüsusda fikirləri diqqət çəkməklə yanaşı, ibrətamizdir. 

"Yeni Müsavat” erməni qaynağına istinadən verdiyi məlumata görə, deputat deyib: "Ən vacib gündəlik ərzaq məhsullarının qiymətlərində artım ”olimpiya tempi" ilə davam edir. Hökumətin bununla bağlı siyasəti tamamən effektsizdir və nəyə gətirəcək, mən bunu deməkdə çətinlik çəkirəm. Ölkədən fəlakətli miqyasda emiqrasiya baş verir. Kasıbçılıq və işsizlik səviyyəsi isə yüksək templə artır".

Deputatın sözlərinə görə, bütün bunların hansısa həlli olmalı və situasiya yumşaldılmalıdır. "Xalqın küçəyə çıxacağını söyləmək çətindir. Nədən ki, son illər ölkədə insanların müəyyən mənada daxili apatiyası hökm sürür: insanlar ”ayaqları" ilə etiraz edirlər. Yəni istənilən üsullarla ölkəni tərk edib gedirlər. Baş verənlərin emiqrasiyanı gücləndirəcəyi heç bir şübhə doğurmur", - deyə o əlavə edib.

Xatırladaq ki, Ermənistanın 2018-ci il üçün dövlət büdcəsində defisit 4% nəzərdə tutulub və inflyasiya fonunda əmək haqlarının pensiya və müavinətlərin hər hansı artımı planlaşdırılmır. Sadalanan rəqəmlər və ermənilərin özlərinin də etiraf elədiyi sərt reallıqlar bir daha düşmən ölkənin işğalla təminatlı güzəran arasında seçim etməli olduğunu bariz şəkildə göstərir.

Başqa sözlə, bir daha qənaət hasil olur ki, müharibə vəziyyəti qaldıqca Ermənistan əhalisinin durumu nəinki yaxşılaşmayacaq, üstəlik, ölkənin olan-qalan əmək qabiliyyətli əhalisi də Naira Zoqrabyanın sözləri ilə desək, "ayaqları” ilə etiraz edəcək - yəni Ermənistanı tərk edərək gedəcək. Seçim həmişəki kimi, işğalçı tərəfin, onun rəhbərliyinindir. 

*****

Dağlıq Qarabağ ixtilafının həlli isə məhz rəsmi İrəvanın təxribatçı mövqeyindən uzanır. Ermənistan rəsmilərinin ilsonu verdikləri bəyanatlar bir daha göstərir ki, işğalçıya ciddi təzyiqlər göstərilməyincə, o, konstruktiv danışıqlara hazır olmayacaq. 

Bu arada Moldova da problemin həllinə öz töhfəsini verməyi qərara alıb (Trend). Belə ki, Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi "GUAM məkanındakı uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri barədə” birgə qətnaməni BMT-nin Baş Assambleyasının növbəti iclasında irəli sürəcək. Bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi 2018-ci il üçün ölkənin GUAM sədrliyi ilə bağlı bəyanatında bildirib.

Bəyanatda deyilir ki, həmçinin Moldova GUAM Azad Ticarət Zonasının fəaliyyətini təmin etməyə və təşkilatın investisiyaya açıq bir platformaya çevrilməsinə çalışacaq.

İqtisadi prioritetlər çərçivəsində, Moldova iqtisadiyyat, nəqliyyat, energetika, enerji təhlükəsizliyi, turizm sahələrində GUAM-ın sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üzrə Fəaliyyət Planı əsasında əsas sahələr üzrə qarşılıqlı əlaqələri aktivləşdirməyə, GUAM-ın nəqliyyat və tranzit potensialını artırmağa, habelə GUAM nəqliyyat dəhlizinin inkişaf konsepsiyasını həyata keçirmək üzrə müvafiq Fəaliyyət Planını hazırlamağa çalışacaq.

Moldova həmçinin, "GUAM +” formatında xüsusilə də Avropa İttifaqı və ATƏT ilə beynəlxalq əməkdaşlığı gücləndirmək və genişləndirmək, "ənənəvi” tərəfdaşlar - ABŞ, Yaponiya və Vişeqrad qrupu ilə konstruktiv dialoqun təşviqini davam etdirəcək.

Qeyd edək ki, GUAM-da sədrlik Moldovaya yanvarın 1-dən keçib. Ümid edək ki, özü də dağıdıcı separatizmin ağır nəticələrini yaşayan Moldovanın BMT-yə təqdim edəcəyi qətnamə Dağlıq Qarabağ probleminin həllinə də hansısa pozitiv stimul, sənədlə bağlı səsvermənin nəticələri isə bəzi pozitiv qənaətlərə gəlməyə əsas verəcək...

 

Oxşar xəbərlər