Yeni enerji agentliyin işi nə olacaq?

  • 25 dek 2017, 09:23

Ekspert: "2018-ci ildən görəcəyik ki...”

Dekabrın 22-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.

Qeyd olunur ki, agentlik Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirəcək.

Agentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək və İdarə Heyəti tərəfindən idarə olunacaq. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirəcək. İdarə Heyətinin tərkibi üç nəfərdən - energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən - ibarət olacaq.

Deputat Vahid Əhmədov "Yeni Müsavat”a bildirdi ki, hazırda qaz və elektrik enerjisi ilə əlaqədar müəyyən problemlər var: "Həm strateji obyektlərdə, həm də ödəmələrlə bağlı müəyyən problemlər mövcuddur. Eyni zamanda itkilər də həddindən artıq çoxdur. Görünür agentlik də bunları tənzimləmək üçün yaradılıb və belə bir ehtiyac olub. Əsas da burada qeyd etdiyim kimi itkilər önəmli məsələdir. Çünki həqiqətən də itkilər çox böyükdür və onların qarşısı alınmalıdır”.


 

 

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə "Yeni Müsavat”a söylədi ki, burada məsələnin ödəmələrlə əlaqəsi yoxdur: "Çünki enerji agentliyi  hər hansı bir ödəmələrin yığımının artırılmasına nəzarət funksiyasını yerinə yetirmir.  Fərmana diqqət yetirsək görərik ki, agentliyin yaradılmasında əsas məqsəd başqadır. Burada çox maraqlı bir məqam var. Belə ki, əvvəllər qazın və elektrik enerjisinin qiymətinin artırılması faktiki olaraq ”Azəriqaz"ın və "AzərEnerji”nin Tarif Şurasına müraciətləri əsasında həyata keçirilirdi. Bundan sonra isə Tarif Şurası, hökumətin müvafiq nazirliklərinin təmsil olunduğu qurum olaraq  buna baxıb və axşam elan edirdi ki, filan tarixdən elektrik və ya qazın qiyməti artırılacaq. Ən böyük problem də ondan ibarət idi ki, Tarif Şurasının indiyə qədər artırdığı qiymətlərlə hökumət, cəmiyyəti inandıra bilmirdi. Məsələ də bunda idi. Orada qeyd olunub ki, qiymət siyasətinin formalaşdırılmasında məhz Energetika Nazirliyi və onun yeni yaradılan qurumu əsas funksiyanı yerinə yetirəcək. Yəni Tarif Şurası qarşısında tənzimləyici orqan faktiki olaraq agentlik olacaq. Bütün məsələləri həyata keçirib, onu cəmiyyət üçün açıqlayacaq. Bildirəcək ki,  burada qiymət artımı filan səbəbdən labüddür. Daha sonra isə Tarif Şurasında bu məsələnin qaldırılmasını gündəmə gətirəcək. Digər bir tərəfdən isə bu agentliyin yaradılması Energetika Nazirliyinin enerji siyasətini tənzimləyən və hökumətin enerji siyasətini həyata keçirən qurum kimi gündəmə gəlməsidir. Nəticə olaraq 2018-ci ildən görəcəyik ki, Energetika Nazirliyi yavaş-yavaş hökumətdə özünün xüsusi çəkisini artırmağa başlayıb". /mənbə - Y.M/

Demokratik.Az

Oxşar xəbərlər