Sabiq vergilər naziri daha üç vəzifəni özündə saxlayır

  • 06 dek 2017, 16:04
Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifədən azad edilən Fazil Məmmədov bir neçə idman federasiyasının prezidenti postunu da tutur.

F.Məmmədov hazırda Velosiped İdmanı Federasiyası, Güləş Federasiyası və Otüstü Hokkey Federasiyasının prezidentidir.

Bəs nazir postundan uzaqlaşdırılan F.Məmmədovun rəhbərlik etdiyi federasiyalardan da kənarlaşdırılacağı gözlənilirmi?

Modern.az-ın əməkdaşı bu sualla adları çəkilən federasiyalarla əlaqə saxlayıb. Hər üç qurumun cavabı üst-üstə düşüb: Fazil Məmmədovun federasiya rəhbərliyindən azad edilməsi ilə bağlı hansısa müzakirə aparılmayıb və məsələ hələ ki, gündəmdə deyil.

I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Əsəd oğlu Məmmədov 1964-cü ildə Şamaxı rayonunda anadan olub.

1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.

1987-89-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb.

1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit texnikumunda müəllim, kafedra müdiri işləyib.

1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib.

1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri təyin olunub.

1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib.

2000-ci il fevral ayının 11-də ölkə başçısının fərmanı ilə Azərbaycan Respublikasının vergilər Naziri təyin edilib.
5 dekabr 2017-ci il tarixində vergilər naziri vəzifəsindən azad edilib.

Ailəlidir, üç övladı var.

 

Demokratik.Az

Oxşar xəbərlər