İlqar Məmmədov dekabrın 5-dək azad edilə bilər

  • 29 noy 2017, 08:50

REAL rəhbəri ilə bağlı Avropa Şurasının Azərbaycana verdiyi vaxt bu gün bitir

REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan hakimiyyətinə verdiyi vaxt bu gün bitir. Vicdan məhbusu ətrafında yaranan müəmmalar isə bitib tükənmir.

Əvvəlcə onun Avropa Şurasının verdiyi vaxtla ötən ayın 25-nə qədər azad olunacağı gözlənilsə də, bu baş tutmadı və beynəlxalq qurum noyabrın 29-na qədər vaxtı uzatdı. Lakin bu vaxt da artıq başa çatır və hərəkat rəhbərinin azad edilməyəcəyi göz önündədir. Gözlər indi də gələn ayın 5-nə dikilib. Belə ki, Nazirlər Komitəsi Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Əgər Avropa Şurası 68 illik tarixində ilk dəfə 46-cı maddə ilə prosedura başlatsa, o zaman Azərbaycanın qurumdan çıxarılması təhlükəsi daha da aktuallaşar. Rəsmi Bakı REAL sədri ilə bağlı mövqeyini ən gec halda noyabrın 29-na qədər bildirməli idi ki, hələ də bu mövqeyə rast gəlməmişik. Bu isə gərginliyi getdikcə artırır.

İ.Məmmədovun vəkili Fuad Ağayev "Yeni Müsavat”a açıqlamasında hələ ki heç bir müsbət elementlərin görünmədiyini söylədi: "Hər hansı bir müsbət əlamətin olduğu barədə heç nə deyə bilmərəm. Çünki müsbət bir əlamət görmürəm. Noyabrın 29-dan sonra bu istiqamətdə atacağımız hər hansı bir addım hadisələrin cərəyan edəcək inkişafından asılıdır”.

REAL-ın icraçı katibi Natiq Cəfərli hələ ki heç bir müsbət gəlişmələrin olmadığından təəssüfləndiklərini qeyd etdi: "İlqar Məmmədovun işi ilə bağlı heç bir müsbət dəyişiklik yoxdur. Bizdə də elə bir məlumat yoxdur. Sadəcə, sonuncu dəfə noyabrın 16-da Avropa İnsan Haqlarının Məhkəməsinin İlqar Məmmədovun işi ilə bağlı növbəti - ikinci qərarı oldu. Bu qərardan sonra Avropa Şurası Nazirlər Komitəsinin yığıncağı olacaq. Bu yığıncaqda dekabrın 5-nə qədər çox güman ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət ünvanlanacaq ki, qərarın icra edilib-edilməməsi, Azərbaycan tərəfindən hansı formada qəbul olunması ilə bağlı rəy versin. Bu rəyin verilməsi bir neçə həftə, ay çəkə bilər. Belə bir prosedura qaydaları mövcuddur. Biz hələ də ümid edirik ki, müraciət olunana qədər, hətta müraciətdən sonra İlqar Məmmədovla bağlı hər hansı bir pozitiv dəyişiklik olacaq, nəhayət ki, o, ailəsinə, dostlarına qovuşacaq. Amma açığı demək lazımdır ki, hələ bununla bağlı heç bir irəliləyiş də, məlumat da yoxdur”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı dekabrın 5-nə qədər İ.Məmmədovla bağlı hər hansı bir qərarın verilə biləcəyindən söz açdı: "Azərbaycanın Avropa Şurasından çıxarılma təhlükəsi ilə üzləşməsi məsələsinə gəlincə, deyə bilərəm ki, bu günlərdə Avropa Şurasının baş katibi bildirdi ki, Rusiya üzərinə qoyulan sanksiyalar götürülsün və Rusiya Avropa Şurasına geri qaytarılsın. Bu nöqteyi-nəzərdən baxsaq, Azərbaycanın Avropa Şurasından çıxarılma təhlükəsi sovuşacaq. Hansısa yollar, danışıqlar, addımlar gətirib ona çıxaracaq ki, bu məsələ sovuşacaq və yanvar sessiyasına qədər məsələ həll olunacaq. Artıq elan olunub ki, dekabrın sonunda, yəni Yeni il ərəfəsində yenidən əfv fərmanı veriləcək. O əfv fərmanı ilə bir çox insanlar azadlığa buraxılacaq, o cümlədən Avropa Şurasını narahat edənlər də. İlqar Məmmədova gəlincə, onun azadlığa buraxılmasının çox vacib olduğunu düşünürəm. Güman edirəm ki, İlqar Məmmədovun azad edilməsi dekabrın 5-nə qədər baş verə bilər. Buna çox ümid edirəm. Çünki Azərbaycanın Avropa Şurasından kənarda qalması heç kəsin, o cümlədən biz hüquq müdafiəçilərinin marağında deyil. Bu qapı Avropaya açılır, bu qapını üzümüzə bağlamaq məqsədəuyğun olmazdı. Digər tərəfdən, İlqar Məmmədovun dekabr əfvi ilə azad edilməsi də mümkündür. Hər şey ölkə başçısının iradəsindən asılıdır. Bu baxımdan məsələnin həllinə inanıram”.

Cavanşir ABBASLI

Oxşar xəbərlər