Qənirə Paşayeva bankları tənqid edib

  • 23 noy 2017, 07:43

Artıq neçənci dəfədir ki, banklara zəng edib seçicilərimizlə bağlı az qala yalvarırıq ki, vətəndaşa verilən vaxtı uzadın, borcunu yavaş-yavaş ödəsin. Çünki evləri satılarsa, bütün ailə çöldə qalacaq.

Demokratik.Az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva dünən Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən söyləyib. Millət vəkili banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb və onlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib:

"Devalvasiya vətəndaşlarımıza da ciddi ziyan vurub. Dollarla kredit götürən bir çox sadə vətəndaşın kreditlərinin qaytarılmasında ciddi problemlər yaranıb. Vaxtında kreditlərini qaytara bilməyən vətəndaşların evlərini girov qoyublar. Banklar da borcun qaytarılması üçün məhkəmə yolu ilə evlərin satılması məsələsini irəli sürür”.

Q.Paşayeva bildirib ki, belə halların çoxalması cəmiyyətdə sosial gərginliyin artmasına səbəb ola bilər:

"Qazaxıstan devalvasiyadan sonra borcların ödənilməsi üçün banklara, banklar da vətəndaşlara möhlət verdi. Hökumətimizdən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu məsələ ilə bağlı danışdım. Bilmək istərdim ki, biz də Qazaxıstan kimi bu təcrübədən istifadə edə bilərikmi? Bu məsələnin çox sayda ailəni narahat etdiyini nəzərə alaraq hesab edirəm ki, bu istiqamətdə vətəndaşlarımıza bənzər problemlərin həllində dəstək olmalıyıq. Düşünürəm ki, hökumət onlara dəstək olmaq üçün müvafiq addımlar atmalıdır”.

Oxşar xəbərlər