"Notariat kontorlarına gizli göstəriş verilib" - rəy

  • 13 noy 2017, 08:15
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev noyabrın 7-də "Vəkillər və vəkilli fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib. Belə ki, məhkəmə proseslərində nümayəndəlik institutu vəkillik institutu ilə əvəzlənib. Dəyişikliklər 2018-ci il, yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Belə ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən "fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər". Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Həmçinin qanuna keçid müddəaları da əlavə olunub. Belə ki, məhkəmələrdə baxılmaqda olan işlər mahiyyəti üzrə həll edilənədək bu dəyişiklik onlara şamil olunmamalıdır. 

"Orator Consulting" Hüquq Firmasının təmsilçisi, hüquqşünas Həsən Həsənov isə "Qaynarinfo"ya açıqlamasında notariat kontorlarına etibarnamələrin sadəcə dekabrın 31-dək verilməsi barədə gizli göstəriş verildiyini qeyd edib.

O, bildirib ki, bu gün məhkəmədə onun hüquqlarını müdafiə etməsi üçün vətəndaş nümayəndəyə etibarnamə yazdırıb. Etibarnaməni 31 dekabr 2017-ci il tarixə qədər yazıblar və vətəndaşa heç bir açıqlama verməyiblər.

1 saylı notariat kontorunun əməkdaşı ilə əlaqə saxlayan vəkilə Ədliyyə Nazirliyi tərəfindən notariat kontoruna etibarnamələrin cari ilin 31 dekabr tarixinə qədər yazılması barədə tapşırıq verildiyi söylənilib.

Vəkil gizli göstəriş olduğundan notariat kontorunun sözügedən məktubu ona göstərmədiyini bildirib.

Qeyd edək ki, qanun 2018-ci ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minir. Həmçinin qanunun keçid müddəalarının 2.2-ci bəndində açıq şəkildə göstərilib ki, "Bu Qanunun 1.4-1.6-cı maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur”.

 

Demokratik.Az

Oxşar xəbərlər