Nazarbayevin Bakı səfərində - Mühüm məqam

  • 30 okt 2017, 13:12

Nazarbayevin Bakıya səfəri göstərir ki, həm Transxəzər, həm də Bakı-Tiflis-Qars layihəsi yüksək səviyyədə siyasi dəstək alan layihələrdir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birgə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışında iştirakı və bu fonda layihənin strateji əhəmiyyəti ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert Nazarbayevin Bakıya səfərini təsadüfi saymayıb:

"Qazaxıstan Transxəzər nəqliyyat dəhlizinin Azərbaycandan sonra aparıcı ölkəsi sayılır. Bu baxımdan da bu ölkələrin əməkdaşlığı Transxəzər layihəsinin həyata keçirilməsinə imkanlar yaradır. Transxəzər layihəsi isə Bakı-Tiflis-Qars layihəsinə birləşir. Yəni BTQ Transxəzərin davamı hesab olunur. Qazaxıstanın Bakı-Tiflis-Qars layihəsi ilə müəyyən bağlılığı var. Bu fonda Qazaxıstan prezidentinin Bakıya səfəri mühüm əhəmiyyət kəsb edir. Bakı-Tiflis-Qars dəmiryolu xətti tam gücüylə işə düşdükdən sonra əsas yük daşımalar Qazaxıstandan, daha sonra isə Çindən Transxəzər xətti vasitəsilə və Aktau-Bakı marşurutu ilə Avropaya daşınacaq. Avropadan isə əks istiqamətdə, yəni Çinə eyni marşrutla gedəcək. Burada əsas aparıcı ölkələr qismində Türkiyə, Gürcüsütan, Azərbaycan və Qazaxıstan çıxış edir. Nazarbayevin səfəri göstərir ki, həm Transxəzər, həm də Bakı-Tiflis-Qars layihəsi yüksək səviyyədə siyasi dəstək alan layihələrdir və onların həyata keçirilməsində hər hansı bir maneə ola bilməz. Çünki Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın dövlət başçıları Bakı-Tiflis-Qars layihəsinin əsas zəmanətçiləri rolunda çıxış edirlər”.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə veriləcək. Bakıda keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Marşrutla ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınması, gələcəkdə isə bu rəqəmin 50 milyon tona çatdırılması nəzərdə tutulur. Əsas sərmayəçisi Azərbaycan olan layihədən ölkəmizin ilkin olaraq 50 milyon dollar gəlir əldə edəcəyi bildirilir.

Oxşar xəbərlər