Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu

  • 28 okt 2017, 10:25

Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə "yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia edir.

G.Əliyeva işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Virtualaz.org saytına müraciət edən şikayətçi başına gələnləri danışıb.

800 manatlıq əxlaqsız təklif

"Təhsil Nazirliyinin təyinatı ilə 2016-cı ilin aprelindən 12 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim kimi işə başlamışam. Direktor Allahverdi Vəliyev və məktəbin kollektivi ilə münasibətim normal olub. Lakin bir müddətdən sonra direktor məni baş tərbiyəçi vəzifəsinə təyin etmək istədiyini dedi. Dedi ki, baş tərbiyəçi ştatı dondurulub, onun istəyi ilə yenidən açılacaq. Tərbiyəçi müəllimə kimi 290 manat aldığım halda, baş tərbiyəçi kimi 800 manat maaş ödəniləcəkdi. Direktor mənə dedi ki, səni araşdırmışam, öhdəndə 3 azyaşlı uşağın olduğunu, həyat yoldaşından ayrıldığını, məcburi köçkün kimi evsiz qaldığını bilirəm. Burda direktor olduğum müddətdə səni dolandıracağam, işdən çıxandan sonra isə yerimə direktor təyin olunmağına köməklik edəcəyəm. Hətta torpağı olduğunu, orada mənə ev tikəcəyini də vəd etdi. Bunun əvəzinə onun təklifi ilə razılaşmalıydım. Direktorun təklifini qəbul etmədim, əsəbi halda cavab qaytardım, mübahisə etdik”, - şikayətçi söyləyir.

G.Ələsgərova bildirir ki, əsəbiləşib qışqırdığından mübahisəni bir neçə şəxs də eşidib. Bundan sonra direktor ilə münasibətləri kəskinləşib: "Direktor mənə dedi ki, səni elə həddə çatdıracağam ki, özün ərizə yazıb işdən getmək istəyəcəksən. Çünki kollektivin yanında pis vəziyyətə düşüb. Sonra iclasların birində yaşlı müəllimələrin biri ilə mübahisə etdik, o, məni vuraraq xəsarət yetirdi. Mən də ölçü götürülməsi üçün direktorun adına ərizə yazdım. Direktor isə onun adına yazdığım ərizəni polisə təqdim edib, mən də məcburiyyət qarşısında ekspertizadan keçdim. Xəsarət aldığımı, hətta zərbənin təsirindən dişimin sındığını təsdiqlədilər. Sonradan bir neçə müəllimə xəbərdarlıq etdi ki, direktor yaxın ətrafına məni münaqişəyə cəlb etməyi tapşırıb. Qadına qarşı cinayət işi açıldı, amma şikayət ərizəsini geri götürdüm, mübahisənin davam etməsini istəmədim. Sonra direktor mənə dedi ki, artıq səninlə işləmək istəmirəm, məktəbdə hər kəs sənə olan təklifi bilir, mənim sözümü çeynəmisən. Sonradan bildim ki, haqqımda nazirliyə ərizə göndərib. Bizim hər ikimizi Təhsil Nazirliyinə dəvət etdilər, mən orada direktorun iştirakı ilə əxlaqsız təklif etdiyini nazirliyin əməkdaşına söylədim”.

Sinif otaqlarını xəstə uşaqlar yığışdırır

Şikayətçi deyir ki, məktəbin hər tərəfində, hətta onun oturduğu sinif otağının qarşısında müşahidə kameraları var, işçilərin saat neçədə işə gəlib-getdikləri qeydə alınır: "Direktor şikayət ərizəsində dəfələrlə işə gecikdiyimi, uşaqları nəzarətsiz qoyub otaqdan çıxdığımı söyləyib. Mən isə kameralara baxılmasını, bundan əlavə, uşaqlara olan münasibətimin araşdırılmasını istədim. O uşaqlar əqli qüsurludur, nəzarətsiz qaldığında bir-birinə xəsarət yetirə bilərlər”.

G.Ələsgərova əlavə edir ki, məktəbdə xadimələr olduğu halda, sinif otaqlarını əqli qüsurlu uşaqlara təmizlədirlər. Üstəlik, uşaqların döyülmə faktları da var. Bununla bağlı iradı da direktorun xoşuna gəlməyib. "Uşaqlara taxta veib yeri sildirirlər. Halbuki onlar nəzarətsiz qaldıqları halda bir-birinə xəsarət yetirə bilərlər. Onlar taxta ilə şüşəni sindıra da bilərlər. Uşaqların işlədilməsi ilə bağlı fotoşəkil və videogörüntülər var. Bu görüntülər hazırda məktəbdə çalışan müəllimlər tərəfindən çəkilərək mənə təqdim edilib. Çünki müəllimlər direktorun qəzəbinə tuş gələ bilərlər. Direktor dəfələrlə bildirib ki, 20 ildir bu müəssisəyə rəhbərlik edir, hələ 6 il də direktor kimi işləyəcək. Çünki onu himayə edənlər var. Təsəvvür edin ki, müəllimlərdən biri direktorun səsini yazıb, direktor müəlliməni təhqir edir. Mən həmin görüntüləri və səs yazısını nazirliyə təqdim etdim. Bu səs yazısına qulaq asan nazirlik əməkdaşı dedi ki, ağsaqqal adamdır, tabeliyindəki müəllimlərə ərk edir. Halbuki heç kim qızına, həyat yoldaşına, bacısına edilən təhqirə dözə bilmir. Bundan başqa, "RED” şirkəti tərəfindən məktəb qida ilə təmin edilir, şirkət menyuda nəzərdə tutulan ərzaqları gətirir. Amma ərzaq direktora məxsus mağazada satılır. Uşaqlara gətirilən paltarlar da onlara çatmır. Mənim məktəblə bağlı şikayətimdən sonra internatda yoxlama aparıldı. Təbii ki, bir gün əvvəl yoxlama olacağı ilə bağlı xəbərdarlıq edilmişdi. Buna görə də, menyuda olan qidalar hazırlandı. Uşaqların işlədilməsi ilə bağlı isə yalnız xadiməni cəzalandırmaq qərarına gəldilər. Direktor dedi ki, uşaqlar fiziki əməklə məşğul olub, yeganə günahkar isə xadimədir. Ona da xəbərdarlıq etdilər”, - şikayətçi söyləyib.

Direktorun qisası

G.Ələsgərova onu da deyir ki, Təhsil Nazirliyi ilə birgə deputatlara, hüquq müdafiəçilərinə müraciət edib. Müraciət araşdırılıb və nazirlik bu ilin iyunun 1-də direktora intizam tənbehi verib. "İyunun 1-də direktora intizam təhbehi verildi. Səhəri gün mənim işdən azad olunmağımla bağlı əmr imzalayıb. Səbəb kimi işə gecikməyim göstərilir. Amma pedaqoji şuranın, həmkarlar təşkilatının iclası keçirilməyib. Həmkarlar təşkilatının 5 üzvü sənədi imzalayıb, onlardan biri direktorun müavini, digəri mənimlə mübahisəsi olmuş həmin xanım müəllimədir”.

G.Ələsgərovaya bu ilin aprelin 14-də töhmət elan edilib, məvacibindən tutulub. "Aprelin 13-də Təhsil Nazirliyinin rəsmi dəvəti ilə nazirliyə getmişəm. Elə həmin gün ərizə yazaraq direktoru məlumatlandırmışam. Amma direktor işdə olmadığımı əsas gətirərək mənə töhmət verib, məvacibimi kəsib. Təhsil Nazirliyindən isə deyirlər ki, rəsmi dəvət olduğu üçün töhmətin hüquqi əsası yoxdur. məvacib isə tam ödənilməlidir. Bununla bağlı nazirliyin rəsmi arayışı var. Lakin xəbərdarlığa baxmayaraq, direktor töhməti ləğv etməyib”.

Şikayətçi söyləyir ki, öhdəsində 3 azyaşlı uşağı var, 74 manat sosial yardım, 100 manat çörəkpulu alır. İşdən çıxandan indiyədək qohumların köməyi ilə yaşayır. "Artıq iş o yerə çatıb ki, maddi imkansızlıqdan uşaqları məktəbə göndərə bilmirəm. Buna görə də, ölkə rəhbərliyindən işimə ədalətli baxılmasına köməklik göstərmələrini xahiş edirəm. 4 nəfərlik bir ailə maddi imkansızlıqdan məhv olmaq üzrədir”, - müəllimə deyir.

Oktyabrın 30-da tərəflərin şikayətinə Apellyasiya Məhkəməsində baxılacaq.

Direktor gizlənməyi üstün tutdu

12 nömrəli xüsusi internat məktəbinin direktoru Allahverdi Vəliyevlə əlaqə yaramaq cəhdlərimiz nəticə vermədi. Məktəbin əməkdaşı sualı dinləyəndən sonra direktorun işdə olmadığını, onunla telefon əlaqəsi yarada bilmədiyini dedi. Direktora məxsus olan telefona cavab verən şəxs isə məhkəmə getdiyini deməklə kifayətlənib.

Daha sonra internat məktəbindən redaksiyaya məktub göndərilib. "Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində keçirilən Pedaqoji Şuranın və internat məktəbinin Həmkarlar Komitəsinin qərarlarına əsasən, həmin məktəbin tərbiyəçisi Gülnar Ələsgərovanın əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyini, işəgötürənin, habelə əmək kollektivinin üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə, ləyaqətinə ziyan vurduğunu, pedaqoqun etik qaydalarına zidd hərəkətlər etdiyini, üzrlü səbəb olmadan işə gəlməməsi hallarının bir neçə dəfə təkrar olunduğunu və əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Gülnar Ələsgərova 12 saylı xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. İşə Xəzər Rayon Məhkəməsində baxılıb, şikayət təmin edilməyib. Hazırda şikayətə Apellyasiya Məhkəməsində baxılır”, - məktubda bildirilir.

 






Virtualaz.org

Bildirək ki, işini itirən müəllimə "Bizimyol.info" vasitəsilə videomüraciət də edib.

Həmin videonu da təqdim edirik.


Oxşar xəbərlər