“Biz niyə ”Metsamor" AES-i vuracağımızla hədələməyək?"

  • 28 okt 2017, 08:54

Ermənistan ərazisindəki "barıt çəlləyi” ilə öz taleyini də sual altında qoyur; məqsəd böyük pullar əldə etməkdir, amma...

Bölgənin təhlükəsizliyi üçün on illərdir ciddi bəlaya çevrilmiş işğalçı Ermənistan üstəlik, "Metsamor” Atom Elektrik Stansiyası (AES) adlı "zəhərli ilan”ı ağuşuna almaqla daha böyük təhlükələr vəd edir.  İrəvan istismar müddəti çoxdan başa çatmış, bu "barıt çəlləyi”ni beynəlxalq səviyyədə auksiona çıxarmaqla ac-yalavac vəziyyətdə olduğu bir dönəmdə əlavə vəsaitlər əldə etmək istəyir.

Bir müddət öncə belə bir məlumat yayıldı ki, Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında yeni sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan "Metsamor” AES-i bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır.

Ancaq son günlər məlum öldür ki, İrəvan növbəti dəfə vədindən boyun qaçıraraq Aİ ilə sazişi imzalamayacaq. Hər halda, ortada Rusiya amili var. Xüsusilə də Rusiyanın baş naziri D.Medvedevin İrəvana son səfərinin ardınca Aİ ilə nəzərdə tutulan sənədin imzalanacağı inandırıcı görünmür. Belə olan təqdirdə "Metsamor” təhlükəsinin bölgəni təhdid etdiyi barədə mövzunun daha bir müddət aktual olacağını deyə bilərik.

Ermənistanın avropalı tərəfdaşlarının Ermənistan atom elektrik stansiyasını bağlamaq təklif və tələbləri yenilik deyil. Bu tələb Ermənistanın hələ 2013-cü ildə imzalamağa hazırlaşdığı, lakin son anda imtina etdiyi Avropa İttifaqı ilə assosiasiya sazişində nəzərdə tutulurdu. İrəvan stansiyanı bağlamaq və 2020-ci ilədək yeni stansiya tikmək öhdəsini üzərinə götürmüşdü. Ancaq yeni sazişdə yeni elektrik stansiya tikmək müddəası yoxdur.

2014-cü ildə Ermənistan hökuməti "Rosatom” dövlət korporasiyasına daxil olan "Rusatom Service” səhmdar cəmiyyətinin himayəsi altında "Metsamor”un ikinci enerji blokunun istismar müddətini 10 il (2026-cı ilədək) artırmaq layihəsini qəbul etmişdi. Layihənin həyata keçirilməsi üçün Rusiya hökuməti Ermənistana 270 milyon dollar məbləğində kredit və 30 milyon dollar qrant ayırmışdı. Enerji infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Hayk Harutyunyanın agentliyə dediyinə görə, AES-in istismar müddətinin uzadılması üzrə ümumi dəyəri 140 milyon təşkil edən 40 saziş bağlanıb, işlərin birinci mərhələsi başa çatmaqdadır. Bu yaxınlarda Avropa İttifaqının Ermənistan atom elektrik stansiyasının bağlanması tələbini şərh edən Ermənistan Enerji İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin rəsmi nümayəndəsi Vasak Tarpoşyan qeyd edib ki, saziş layihəsinə əsasən, stansiya müvafiq enerji istehsalı mənbələri yaradıldıqdan sonra bağlana bilər.

"Metsamor” AES 1980-ci ildə işə salınıb. 1988-ci il zəlzələsindən sonra stansiya dayandırılıb və yenidən 1995-ci ildə işə salınıb. Hazırda birinci blok dayandırılıb, ikinci blokun istismar resursu isə 2019-cu ildə tükənməlidir. Ermənistanda istehsal olunan elektrik enerjinin 45 faizi Metsamor atom stansiyasının payına düşür.

Bu ayın əvvəlində məlum oldu ki, Rusiya Metsamor AES-i nüvə yanacağı ilə təmin edəcək. Məlumata görə, TVEL Metsamor AES-i 100 faiz yanacaqla təmin edəcək.

Azərbaycan, İran və Türkiyənin rəsmi dövlət qurumları AES-in fəaliyyətinin qonşu dövlətlərin ekoloji vəziyyətinə ziyan vurduğu haqqında səlahiyyətli beynəlxalq təşkilatlar qarşısında onun istismarının birdəfəlik dayandırılmasına dair dəfələrlə məsələ qaldırıblar.

 

Ermənişünas araşdırmaçı alim Qafar Çaxmaqlı "Yeni Müsavat”a bildirdi ki, "Metsamor” AES SSRİ dövründə həm də Azərbaycanla Gürcüstanı elektrik enerjisilə təmin etmək məqsədilə inşa olunmuşdu: "Bu gün demək olar ki, sənayeyə malik olmayan Ermənistanın özünün ”enerji nəhəngi" olduğunu sübut etməsinə ehtiyac yoxdur. Onun enerji satacağı ciddi müştərisi də yoxdur. Məsələ pulun başındadır. Köhnəlmiş, istismar müddəti başa çatmış və onun müasir tələblərə cavab verməyən bloklarını heç cür yeniləmək mümkün deyil, Yaponiyadan dəvət olunmuş mütəxəssislər də ona xərc qoymağın mümkün olmadığını bildiriblər. Keçənlərdə erməni "Haraparak” qəzetində "Azərbaycanın atom bombası” adlı yazı dərc olunmuşdu. Orada da göstərilirdi ki, bu AES Ermənistana deyil, Rusiyaya lazımdır, həm də bu stansiyanı partlatmaqla Azərbaycan bir anın içində Ermənistanı məhv etmək imkanını əlində saxlamaqdadır. Yazıda qeyd olunurdu ki, AES partladılarsa, Ermənistanın bütün ərazisi radiasiyalı bölgəyə çevriləcək, nəticədə bütün ermənistanlılar buradan məcburən köçürüləcək. "Amma hazırda bu, mümkün deyil. Heç bir ölkə bu qədər qaçqını, milyonlarla əhalini öz ərazisinə buraxmayacaq. Üstəlik, onlar radioaktiv təhlükə daşıdıqlarına görə heç yaxın qoyulmayacaq. Qoy indi Ermənistanın rəhbərliyi belə bir təhlükə qarşısında nə edəcəyi haqda düşünsün”-müəllif yazırdı". Ekspert bildirdi ki, AES-i yeniləyib tam istismara vermək üçün indi daha 300 milyon dolar pul lazımdır: "30 aprel 2015 ildən başlayaraq bu günə qədər o daxili şəbəkəyə 7,5 milyard kilovat saatdan artıq elektrik enerjisi verib. Hər il təxminən 1,3 milyard kilovat-saat elektrik enerjisi istehsal olunur, bəziləri isə İrana ixrac edilir. Xərci borcunu ödəmir. İrəvandan olsa, onu dərhal bağlayar, çünki onun həm Ermənistan, həm də bölgə dövlətləri üçün təhlükə mənbəyi olduğunu bilir və onun fərqindədir. Amma Rusiya ”Metsamor"-un bağlanmasını istəmir. Ermənistan Rusiyadan AES üçün aldığı kreditləri də verə bilmədiyindən belə bir şərt də qoya bilmir. Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu deməyə ehtiyac belə yoxdur. Buara Çernobıla bənzər bir partlama baş versə, bütün bölgə, o cümlədən Naxçıvan fəlakət yeri olacaq. Amma bir erməni müəllifinin dediyi kimi, Azərbaycan buranı ermənilər üçün təhdid ünsürünə də çevirə bilər. Qriqor Emin Teryan adlı bir müəllif görün nə yazır: "Metsamor" AES-dir. Naxçıvanda yerləşdirilmiş "Smerç” qurğusu ilə onu istənilən an partlatmaq mümkündür. Və Ermənistanın bu təhlükənin qarşısını almaq imkanı yoxdur. Hər halda, keçən ilin yazında hər birimiz belə zərbələrin şahidi olduq. Apreldə bəlli oldu ki, bu, mümkünsüz deyil". Q.Çaxmaqlı qeyd etdi ki, düşmən ölkə bəzən bizi Mingəçevir su anbarını vurmaqla təhdid edir: "Biz niyə ”Metsamor"u vuracağımızla hədələməyək?

 

Cavid TURAN

Oxşar xəbərlər