Gəncə Notariusu "Demokratik.Az"-a danışan şikayətçinin iddialarını rədd edir

  • 17 okt 2017, 09:10

 

 

Gəncə şəhər, 5 saylı notariat kontorunun müdiri Aris Ələkbərov saytımızla əlaqə yaradaraq ona yönələn ittihamları qətiyyətlə rədd edir. Onu saxta diplom almaqda suçlayan və axtarışda olan avtomaşını qanunsuz olaraq sənədləşdirdiyini iddia edən şikayətçinin dediklərini tamamilə absurd adlandırır.

...ŞİKAYƏTİN İZİ İLƏ,,,

Bir neçə gün əvvəl "Demokratik.Az"-da vətəndaş Şahverdiyev İsa Şəmil oğlunun şikayəti əsasında   

"Saxtadiplomlu natarius axtarışda olan maşını necə sənədləşdirib?" - Gəncədən şikayət 

sərlövhəli yazı yayımlanıb. Saytımıza müraciət edən şəxs hüquqlarının natariat kontoru tərəfindən qəsdən pozulduğunu, 2013-cü ildə aldığı avtomaşının zəruri sənədləşmə işlərində ona süni problemlər yaradıldığını dilə gətirib. Vətəndaş saytımıza bildirib ki, 2013-cü ilin avqustunda Samux sakini Əliyev Kamran Vahid oğlundan 1 illik etibarnamə əsasında QAZ 31-10 markalı, Az10-OS-563 dövlət qeydiyyat nişanlı avtomaşın alıb. Rəsmiləşdirmə işlərini isə Gəncə 5 saylı notariat kontoru həyata keçirib. Sonradan 22.09.2014-cü il tarixdə, Gəncə şəhəri 5 saylı notariat kontorunun müdiri Aris Ələkbərov Kamranın 2039-cu ilədək adına verilmiş etibarnamə əsasında şikayətçiyə daha bir illik etibarnamə verilməsini təsdiqləyib. Lakin sonuncu etibarnamənin müddəti 23.09.2015-ci ildə bitib və ötən müddətdə İsa Şahverdiyev maşına rəsmi mülkiyyət hüququ əldə etməyib. Belə olduqda, şikayətçi natariat kontoruna dəfələrlə müraciə etsə də, notarius Aris Ələkbərov növbəti etibarnaməni verməkdən imtina edib və bunu qanunvericiliyin tələblərinə uyğun izah etməyə çalışlıb. 

İsa Şahverdiyev maşını birbaşa mülkiyyətçidən əldə etmək üçün Bakıya yollanıb və öyrənib ki, 2012-ci ildən avtomaşına həbs qərarı verilib. Mülkiyyətçi Mirzəyeva Ruziyyə Qeyis qızını isə çox axtarsa da tapa bilməyib. Bunları qeyd etməklə şikayətçi natarius müdirini saxtadiplomlu və savadsız da adlandırıb. Özünə qarşı qeyri-etik və qanunsuz hərəkətlər etməkdə, A. Ələkbərovu bilə-bilə axtarışda olan bir maşını sənədləşdirməkdə ittiham edib.

Notarius ittihamları rədd edir,,,

Yuxarıda yazılanlara aydınlıq gətirən qarşı tərəf bildirib ki, vətəndaşa sonradan etibarnamənin verilməsi "Natariusların fəaliyyəti haqqında" qanunun tələbləri ilə qadağandır. "Yəni, "Etibarnamələrin təsdiq edilməsi və onların qüvvədə olmasına xitam verilməsi" bu qanunla və mülki məcəllənin tələbi ilə təsbit olunub. Qanunun tələbinə görə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz və biz də bunu əsas gətirməklə şikayətçinin əsassız tələbini sonda rədd etmişik.

Kamran adlı vətəndaşın 2039-cu ilədək qüvvədə olan etibarnaməsinə gəlincə, həmin etibarnamə sonuncuya 1 illik nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verilən andan qüvvədən düşüb. Geri qaytarılmasına da yol verilmir. Vətəndaşa sonradan etibarnamənin verilməməsi qanunun tələbidir. Qanunun tələbi isə özbaşınalıq kimi qələmə verilə bilməz".

Aris Ələkbərovun bildirdiyinə görə, rəhbərlik etdiyi Notariat Kontorunda şikayətçiyə qarşı heç bir kobud rəftara, təhqirə də yol verilməyib. Əksinə, hər müraciətində ona hüquqları izah olunub, lakin İsa Şahverdiyev deyilənlərlə razılaşmayıb. Bundan başqa , A. Ələkbərov bildirib: "Notariat kontorumuza müraciət edən vətəndaşlarla maksimum həddə etik davranışa uyğun rəftar edilir, heç kəs incidilmir, şəxsiyyətə qarşı ayrı-seçkiliyə əsla yol verilmir". 

Maşının axtarışda ola-ola notariat tərəfindən necə sənədləşdirilməsinə gəlincə, Ələkbərov notariat hərəkəti aparılarkən bazada belə bir məlumata rast gəlinmədiyi, bundan xəbərsiz olduğunu bildirir. Əks təqdirdə, maşına etibarnamə yazılarkən elektron baza blankdan (koddan) "İmtina" etməli idi. Göründüyü kimi, şikayətçinin Notariat Kontoruna qarşı bu iddiası da həqiqəti əks etdirmir. 

A. Ələkbərov digər ittihamları belə cavablandırıb. " Şikayətçi 2013-cü ildə sığorta adı altında 100 manatdan artıq məbləği iki dəfə "Atəşgah" Sığorta şirkətinə ödədiyini dilə gətirib ki, bu məsələnin də bizə aidiyyatı yoxdur. Bu vətəndaşla sığorta şirkəti arasında olan məsələdir. Eləcə də, İsa Şahverdiyevin kiməsə 2800 dollar pul verərək maşın almasına da biz qarışa bilmərik. "Saxta diplom" məsələmə gəlincə, bildirirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi lisenziya verərkən bütün sənədlərimi araşdırıb və natarius kimi fəaliyyətimə qanunamüvafiq icazə verib".

Son olaraq onu da bildirək ki, Aris Ələkbərovun barəsində hələ illər öncə müxtəlif xəbər portallarında mənfi rəy formalaşdıran yazılar yayımlanıb. Və bunun nəticəsidir ki, mətbuatda mütamadi olaraq Gəncə 5 saylı natariat kontoru barədə həqiqəti əks etdirməyən bəzi məlumatlar yayılıb.

Xatırladaq ki, şikayətçi İsa Şahverdiyev natarius Aris Ələkbərova qarşı Gəncə İnzibati-İqtisad Məhkəməsində bir neçə tələb üzrə iddia qaldırıb. Mülki və İnzibati tələb üzrə iddia isə məhkəmənin hakimi Fikrət Hüseynovun icraatındadır.

 

Demokratik.Az

 

 


Oxşar xəbərlər