Deputat: Bu, icra hakimiyyətlərinə dərs olar

  • 11 okt 2017, 17:35

"Əgər hər hansı sahibkara bölgələrdə turizmin inkişaf etdirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən süni maneələr yaradılırsa və qeyri-rəsmi nələrsə tələb edilirsə, onlar  müvafiq orqanlara şikayət edə bilərlər. Bu, həm də vətəndaş aktivliyinin nümunəsi ola bilər. Həmçinin bu fikirdə olan başqa adamlara da dərs olar”.

Bunu Qafqazinfo-ya açıqlamasında deputat Musa Quliyev ölkə başçısının Nazirlər Kabinetinin iclasında yerli icra hakimiyyətlərinin sahibkarlara turizmin obyektləri açması üçün yer ayırmaları ilə bağlı verdiyi tapşırıqdan danışarkən vurğulayıb. 

Deputat  qeyd edib ki, prezident Nazirlər Kabinetinin müşavirəsi zamanı çıxışında turizmin inkişafı ilə bağlı tövsiyələrini verib: "Bildirdi ki, yay aylarında bölgələrdə turist sıxlığı müşahidə edilir. 

Bu, yaxşı haldır. Digər tərəfdən, turizm obyektlərinin sayı az olduğuna görə bölgələrdə turistlər bu imkanlardan istifadə edə bilmirlər.  Ona görə də müvafiq qurumlara tapşırdı ki, bu sahədə işlər daha da yaxşılaşdırılsın. 

Hesab edirəm ki, cənab prezidentin bu tapşırığından nəticələr çıxarılacaq. Təkcə yerlərin ayrılması ilə kifayətlənməyəcək, həm də infrastrukturun yaradılmasında dövlət orqanları sahibkarlara kömək etsələr, yaxşı olar. Ayrılan yerlərə kommunal xətlərin çəkilməsi müvafiq  dövlət orqanları tərəfindən həyata keçirilərsə, bu da turizmin inkişafına öz dəstəyini verə bilər. Xüsusən, bu sahəyə kreditlərin ayrılması inkişafa öz dəstəyini verə bilər. Cənab prezident bundan əvvəlki çıxışlarında da vurğulamışdı ki, ölkədə 1-2 ulduzlu turizm obyektləri çatışmır. Onların tikilməsi  üçün sahibkarlara yerli icra hakimiyyəti orqanları, o cümlədən müvafiq qurumlar tərəfindən kömək göstərilməlidir”.

Demokratik.Az

Oxşar xəbərlər