Rus deputat Bülbüloğludan Anar üçün yardım istədi

  • 27 sen 2017, 11:50

Rusiyanın Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgenin pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənova kömək etmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib.

Rusiya KİV-ləri xəbər verib ki, deputatın oxuduğu mətndə A.Allahverənovun ittiham olunduğu maddənin dəyişdirilməsi və ittihamın yumşaldılması istənilir.

Deputatın sözlərinə görə, daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan əsl isteriya qalxıb və təkbətək davaya millətlərarası xarakter verilib.

Allahverənova qarşı hazırda Cinayət Məcəlləsinin 105-ci maddə ilə ittiham irəli sürülüb. Həmin maddə ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Rusiyalı deputatın sözlərinə görə, videoyazının köməyi ilə cəmiyyətlə şüurlu şəkildə manipulyasiya edilib. Smolkin Yevgenin bildirir ki, davanın 20 dəqiqəlik hissəsinin yalnız 9 dəqiqəsi – Anarın rəqibinə öldürücü zərbələr endirdiyi hissə dərc olunub. Deputatın fikrincə, beləliklə, Draçevin öz opponentinə zərbələr vurduğu videokadrlar cəmiyyətdən gizlədilib.

Deputat Polad Bülbüloğludan A.Allahverənova kömək göstərmək üçün bütün diplomatik imkanlardan istifadə etməyi xahiş edib.

Xatırladaq ki, avqustun 20-də səhər tezdən kafelərindən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionu ilə dava zamanı ona öldürücü zərbələr endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Anar hadisədən sonra qaçıb. Federal və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub.


Oxşar xəbərlər