Şəmsəddin Hacıyev həbs oluna bilər

  • 21 sen 2017, 15:56

Baş Prokurorluq İqtisad Universitetindəki aşkar maxinasiyaları araşdırır; YAP-çı deputatın mandatı alınır

Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası hesabatı maraqlı faktları üzə çıxarıb. Köhnə rektor, hazırda deputat olan Şəmsəddin Hacıyevin ADİU-ya rəhbərliyi dövründə baş verən böyük qanunsuzluqları araşdırılacağı gözlənilir. Hesablama Palatasının Kollegiyası ADİU tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

ADİU ölkənin ən korrupsiyalaşmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da 2014-cü ilin martında rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru irəliləyiş müşahidə olunmayıb. Şəmsəddin Hacıyevin rektorluğu dövründə bu gün gündəmi zəbt edən məlumatlar mətbuatda dəfələrlə tirajlanmışdı.

Məsələ ilə bağlı modern.az saytı Şəmsəddin Hacıyevlə əlaqə saxlamağa çalışıb. Amma deputatın mobil telefonunu özünü Ramiz kimi təqdim edən şəxs açaraq, "müəllim, hazırda Bakıda yoxdur, xaricdədir. Birisi gün gələcək”cavabını verib.

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Hesablama Palatasının göndərişi əsasında Baş prokurorluqda fakta görə cinayət işi açıla bilər: "Araşdırma nəticəsindən asılı olaraq Baş prokurorluq ya cinayət işi açır, ya da işi müvafiq strukturlarda araşdırılması üçün göndərir. Bir qayda olaraq Hesablama Palatası cinayət xarakterli faktlarla rastlaşdıqda prokurorluğa müraciət edir. Ümumilikdə, bu kimi hallarda 90 faiz Baş Prokurorluqda cinayət işi açılır”. Ə.Nuriyevin sözlərinə görə, Hesablama Palatasının Baş prokurorluğa etdiyi müraciətdə mənimsəmə, səhlənkarlıq və vəzifə səlahiyyətlərini aşma faktları var: "Ona görə də çox güman ki, Baş Prokurorluqda fakta görə cinayət işi qaldırılacaq. Amma burada konkret hansı şəxsin yaxud şəxslərin - rektor, prorektor, yaxud digər məsul şəxsin təqsirindən baş verməsi araşdırma nəticəsində bəlli olacaq. Hər bir universitetdə bu və ya digər məsələlərin həlli ilə bağlı funksiya və vəzifələr var. Bu vəzifəni kim, necə icra edib, onu Baş Prokurorluq müəyyən edəcək. İndiki məqamda konkret ad çəkmək doğru olmaz”.
Ş.Hacıyevin ADİU-da rektor vəzifəsində olarkən hansı addımlarla yadda qalmasını bir daha yada salaq.

Rektor oğduğu illərdə Ş.Hacıyev ailə üzvlərinin - həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu "Turan-2009” MMC, "İqtisadçı” MTK və digər şirkətlər vasitəsilə ADİU-da milyonlarla manatlıq "əməliyyat” aparıblar.

Universitetdə aparılan "maliyyə əməliyyat”ların 90 faizi qanunvericiliyin əksinə olaraq, tendersiz baş verib. Yəni Ş.Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı olmadan böyük pulların mənimsənildiyi əməliyyatları özbaşına həyata keçirib.

Vaxtilə yazdıqlarımızdan sitat: "Məsələn, 2011-ci ildə 166 min 822 manatlıq, 2012-də 136 min 748 manatlıq tender keçirildiyi halda, 2013-cü ildə 11 milyon 29 min 907 manatı guya müxtəlif işlərə xərcləyiblər: "Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisi adıyla təyinatından yayındıraraq, mənimsəyiblər. O, hətta o qədər irəli gedib ki, həyat yoldaşının təsisçi, qardaşı oğlunun direktor, baldızı qızının isə baş mühasib olduğu "Turan” MMC-nin vasitəsiylə 3 il ərzində oxşar əməliyatlarla 11 milyonu universitetin hesabından çıxarmağa da nail olub. Şəmsəddin Hacıyevin universitetin Dərbənd fililalı vasitəsiylə də böyuk oyunlar oynayıb. Onun bu filial vasitəsiylə hər tələbədən 35-50 min manat alaraq həyata keçirdiyi saxta qəbullar bir yana qalsın, bu adam Dərbənddə universitetin adıyla torpaq dəllallığı da edib. Bu fakt 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi tərəfindən də təsdiqlənib. Məhkəmənin qətnaməsində bildirilib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirib. Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün torpağın bir hissəsi böyük məbləğə universitetə satılıb. İşdə Şəmsəddin Hacıyevin kürəkəni Seymur Orucovu da adı keçirdi. O dövrdə iş o yerə çatıb ki, Dağıstan rəsmiləri universitetin Dərbənd filialının saxta Bakı fililalının hansı məqsədlə yaradılmasıyla bağlı Azərbaycan Təhsil Nazirliyini çətin suallar qarşısında qoymuşdu”. 
Maraqlıdır ki, o dövrdə bu məlumatlar mətbuatda yayılsa da, araşdırılması və nəticə haqda heç bir xəbər verilməmişdi. Bu gün də Ş.Hacıyevin ADİU-dakı fəaliyyəti tam olaraq araşdırılmayıb.

Məsələn, Ş.Hacıyev əməkdaşlarına universitetin nəzdində mənzil-tikinti kooperativi yaradıb, onları mənzillə təmin etmək məqsədi ilə Mir Cəlal küçəsində bina tikdirməyi vəd etmişdi. Bu məqsədlə təsisçisi Hacıpaşa Muradov olan "İqtisadçı-H” kooperativi yaradılıb və bir müddət sonra Ş.Hacıyev mənzillərin pulun böyük hissəsini ödəyən universitetin əməkdaşlarını pis vəziyyətə qoymuşdu. Belə ki "İqtisadçı-H” şirkətinin hüquqlarını öz qohumlarının adına təsis etdiyi "İqtisadçı-2005” kooperativinə vermişdi. Beləliklə də, dosent-professorlar həsrətlə gözlədikləri mənzilləri ala bilmədilər.

Ş.Hacıyev Quba rayonunun füsunkar Nüvədi-2 kəndində ADİU-nun müəllimləri və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə dövlətin yer ayırmasına nail olmuşdu. Mərkəzin tikintisi üçün 4 milyon 300 min nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra fantastik rəqəmə, 7 milyon 200 minə çatdırıldı. Hazırda bu tikintinin faktiki olaraq neçəyə başa gəlməsi və sonralar bu mərkəzdə kimlərin istirahət etməsi bilinmir.

Yaxşı olardı ki, Hesablama Palatası rəsmiləri sadalanan faktlara gec də olsa diqqət etsinlər. O səbəbdən ki, öhnə cinayətləri araşdırmadan yeni qanun pozuntularının qarşısını almaq mümkün deyil.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə görə, deputat cinayət törətdikdə və onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda millət vəkilliyindən məhrum edilir və deputat səlahiyyətlərini itirir. Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Baş Prokurorluğun mətbuat xidmətindən də bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər