Yazıçılar Birliyi Abutalıbova “reyder” dedi

  • 13 sen 2017, 08:52

"26" kafesinin bağlanması ilə bağlı AYB bəyanat yayaraq Bakı merini özgəsinin əmlakını talamaqda və savadsızlıqda suçladı

Bir neçə gündür ki, paytaxtın Xaqani küçəsində yerləşən "26" kafesinin bağlanması ilə bağlı Yazıçılar Birliyi ilə Bakı meri Hacıbala Abutalıbov arasında yaranmış gərginlik daha da artıb. Belə ki, sentyabrın 12-də toplantı keçirən Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, uzun illərdir ki, Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. "Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır” deyən bəyanat müəllifləri Abutalıbova yönəlik bir sıra ismarışlar və hədələr göndəriblər: ""Buranı bağlayacayıq, qoymayacayıq» və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz”. Daha sonra artıq ittihamın obyekti ümumiləşdirilərək "Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz” istehzası qeyd olunub. 

AYB hesab edir ki, dünyanın bir sıra ölkələrində şəbəkəsi olan "26"nın Bakı komissarları ilə əlaqələndirilməsi gülünc və absurddur. Daha sonra yenidən Abutalıbovun hədələrinə cavab olaraq ”bu uydurma bəhanə ilə kimlərinsə coşub özündən çıxması, "asacayıq, kəsəcəyik" deyə xox gəlməsi acı təəssüf doğurur" deyə, bildirilir. Bəyanatda söhbətin dəqiq kim(lər)dən getdiyi bilinməsə də bildirilir ki, kafeni işlədənlərin atası və qardaşı ermənilər tərəfindən qətlə yetirilib və şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. 

AYB, nəhayət, bəyanatda konkret olaraq Abutalıbovun ittihamları üzərinə gəlir: "Bakının icra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi cavaba münasibət bildirməmək də olmaz, çünki bu cavab, yumşaq şəkildə desək, yanlışlıqlarla doludur. Əvvəla, kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi, "26-lar" yox, l26»dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi, "Xanımlara qəlyan çəkmək pulsuzdur" ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar”. Göründüyü kimi, AYB özünü müdafiə etməklə kifayətlənməyərək "bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırmaqla” bağlı çağırış edir.

 

"Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar”


AYB Bakı merinin bağlanmış məkanın Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin və xalqın ruhuna hörmətsizlik olması barədə dediklərinə də sərt cavab verib. Abuatalıbovu xüsusilə Rusiyada əmlak talayanlar kimi tanınan "reyder” adlandıran AYB ittihama belə aydınlıq gətirib: "Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyin bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. ”Natəvan klubu" Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi, üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə yazıçılar təşkilatına reyder reysi ilə deyil, əziz müsafir kimi təşrif gətirsəydi, onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd Arif kitabxanası ilə da tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz barelyefini də görərdi".

AYB H.Abutalıbovu savadsızlıqda da suçlayıb: "Əgər Hacıbala müəllim ”Natəvan klubu"nda bir ədəbi tədbirimizdə iştirak etsəydi, onu da bilərdi ki, 37-ci ildə repressiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin "Natəvan" klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. Axı nə qədər yanlış sözlər deyib onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti xamlamaq olar". 
AYB bəyanatın sonunda bildirir ki, bu mübahisəyə son qoyaraq qarşı tərəfi Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırır. 

"YM”

Oxşar xəbərlər